...

Əsl könüllü fəal necə olmalıdır?

Cəmiyyət Materials 12 İyun 2020 13:19 (UTC +04:00)
Könüllülük. Dildə sadə səslənən bu söz özündə bir sıra dərin mənaları ehtiva edir.
Əsl könüllü fəal necə olmalıdır?

Bakı. Trend:

Könüllülük. Dildə sadə səslənən bu söz özündə bir sıra dərin mənaları ehtiva edir. Və tarixə nəzər salanda könüllülük prinsipinin ölkəmiz üçün heç də yeni bir termin, yeni bir yanaşma olmadığını görürük. İstər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində istərsə də ondan sonrakı SSRİ dövründə azərbaycanlılar könüllülük prinsipini adətən regiona yaymağa başlayıb. Babalarımızdan eşitdiklərimiz odur ki, SSRİ dövründə 1000-lərlə azəri oğlu könüllü olaraq müharibəyə gedib, müharibədə iştirak edib, şücaət göstərib və qəhrəmancasına həlak olub. Ön və arxa cəbhələrdə formalaşan briqadalarda könüllü iştirak edən, bu işə həvəslə, eyni zamanda var gücü ilə yanaşanların sayəsində böyük qələbə sevincini bu gün də yaşayırıq.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik edəndən sonra onun həyata keçirdiyi çoxşaxəli siyasətin kökündə könüllülük prinsipinin aşılanması, genişləndirilməsi var dayanırdı. O zamanlar vətəndaşlar arasında olan həmrəylik buna daha ciddi rəvac verirdi və prosesin sürətlənməsini şərtləndirirdi. Bugün əsası ümummilli lider tərəfindən qoyulan uğurlu strategiyanı davam etdirən, Azərbaycanımızı daim inkişafa aparan lider, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi könüllülük hərəkatına ciddi önəm verir. Bildiyiniz kimi, Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Sənəddə də vurğulanır ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Onu da qeyd etmək yerinə düşər ki, könüllülük hərəkatının genişlənməsinə, inkişafına və güclənməsinə Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ciddi önəm və dəstək verib. Prezident İlham Əliyevin 9 iyun 2009-cu il tarixli fərmanı ilə ilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanunda Azərbaycan vətəndaşlarının istər yerli, istərsə də beynəlxalq platformalarda könüllü şəkildə fəaliyyətinin təmin olunması üçün müddəalar, fəaliyyət istiqamətləri, hüquq və vəzifələr öz əksini tapıb.

Müvafiq qanunun qəbulundan sonra bir çox mərkəzi icra orqanlarının nəzdində fəaliyyət göstərən könüllülər hərəkatları, İctimai Birliklər və könüllü proqramları təsis edilib. 2013-cü ildə isə Azərbaycan Prezidenti “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

2020-ci ilin “Könüllülər İli” elan edilməsinin böyük əhəmiyyəti var və bu könüllülər hərəkatının daha geniş şəkildə yayılmasına, güclənməsinə, eləcə də inkişafına böyük imkanlar açacaq.

Bildiyimiz kimi ölkəmizdə könüllülərin fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Bu gün elə bir sahə yoxdur ki, orada könüllüləri görmək. Bir sözlə, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edib və ümummilli hərəkat kimi özünü doğruldub. Gizlin deyil ki, bu gün könüllülük gənclərimizin həyat tərzinə çevrilib. Azərbaycanda könüllülər hərəkatının geniş intişar tapmasında və cəmiyyətdə daha çox oturuşmasında könüllərin “ASAN” Xidmət sahəsinə nüfuz etməsi, burada fəaliyyət göstərməsi, vətəndaşlarımıza dəstək, dayaq olması olub.

Bilirik ki, “ASAN” könüllülərlə yanaşı “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

Heç şübhəsiz ki, Azərbaycan könüllüləri ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə, ölkə xaricində və daxilində həyata keçirilən sosial, mədəni, ictimai-siyasi layihələrdə yaxından iştirak edir. Könüllülərimizin dünyanın digər ölkələrində fəaliyyət göstərən könüllülərindən heç də geridə qalmaması, əskinə bir qədər də irəli getməsi göz önündədir.

Sosial şəbəkədə könüllülük

Durmadan inkişaf edən cəmiyyətimizdə sosial şəbəkələr həyatımızın ayrılmaz sahəsinə çevrilib. Bəzən elə olur ki, sosial şəbəkələr gündəmə təsir edir, yeni gündəm formalaşmasında rol oynayır. Təsadüfi deyil ki, Azərbaycanda da sosial şəbəkə istifadəçiləri durmadan artmaqdadır. Sosial şəbəkədən istifadəyə dair heç bir məhdudlaşdırıcı amillər yoxdur və bunun özü demokratiyanın göstəricisidir. Belə olan halda bu göstəricilərdən sui-istifadə halları durmadan artır. Bəziləri sosial şəbəkələrin onlara verdiyi imkanlardan sui-istifadə edirlər. Bu kimi halların qarşısının alınması, eyni zamanda cəmiyyətə doğru, dürüst və qərəzsiz informasiya ilə təmin olunması yönündə sosial şəbəkələrdə də könüllülük prinsipindən çıxış etmək günün aktual məsələsidir.

Sonda onu qeyd edim ki, "Biz birlikdə güclüyük!" devizi səhifə izləyicilərinin əsas devizidir. Yaşasın güclü Azərbaycan!

Ayşən Fəxrəddinqızı

İctimai fəal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti