Bakı. İlhamə İsabalayeva – Trend:
Əslində, qanunvericlik Azərbaycanda ağciyərin transplantasiyasının aparılmasına icazə verir, amma bunun canlı donordan köçürülməsinə icazə vermir.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Onun sözlərinə görə, qanunvericlik meyit donordan transplantasiyasının aparılmasına etiraz etmir. Amma ölkədə meyitdən donor orqanının götürülməsi mexanizmi yoxdur:
“Artıq Milli Məclisin Səhiyyə komitəsində “Orqan və toxumaların donorluğu və profilaktikası haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisə tövsiyə olunub. Bu layihə yaxın vaxtlarda qəbul edilməlidir ki, meyitdən də orqan götürmək mümkün olsun. Amma koronavirus pandemiyası dövründə koronaviruslu xəstələrə orqan köçürülməsi bir qədər problemli məsələdir. İndiki pandemiya dövründə xəstə insana uyğun sağlam ciyər və donor meyit tapılmalıdır. İstənilən halda bunun üçün bizim hüquqi bazamız və mexanizmlərimiz olmalıdır”.
Xatırladaq ki, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.
Qeyd edək ki, COVİD-19 virusu ilə insanlarda daha çox ağciyər toxuması fibrozlaşmağa başlayır. Nəticədə, ağciyələrdə kəskin pnevmaniya yaranır və vaxtında müalicəyə başlamdığı təqdirdə xəstə nəfəs çatışmazlığından dünyasını dəyişir.