...

7 tona yaxın istehlaka yararsız ət aşkar edildi, prokurorluqda cinayət işi başlandı

Cəmiyyət Materials 1 İyul 2020 14:39 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən növbəti əməliyyat keçirilib.
7 tona yaxın istehlaka yararsız ət aşkar edildi, prokurorluqda cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən növbəti əməliyyat keçirilib. Baş Prokurorluğun Mətbuat xidməötindən Trend-ə verilən məlumata görə, ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada istifadəyə yarasız ət məhsullarının kəsimi və satışının həyata keçirməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “AGRO-MEAT” MMC-nin səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən Ələkbərov Namiq Oktay oğlu, həmin müəssisəni icarəyə götürən Vəliyev Ehtiram İldırım oğlu, İsmayılov Cavid Qubad oğlu və digərlərinin qabaqcadan əlbir olaraq “AGRO-MEAT” MMC-yə məxsus kəsimxanada insan həyatı və sağlamlığı üçün zərərli olan ət məhsullarının kəsimi və satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Belə ki, baxış zamanı qeyd olunan kəsimxanada 6890 kq çəkidə ət məhsulu aşkar edilmiş, həmin məhsullardan götürülmüş nümunələr Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında müayinə olunaraq yararsız kimi qiymətləndirilmiş, ət nümunələrinin xəstə, ölmüş heyvan əti olması və istehlak üçün uyğun olmaması müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd) və 200.2.3 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti