...

Azərbaycanlı Gənclərin Ümumdünya Həmrəylik Forumu keçirilib

Cəmiyyət Materials 23 İyul 2020 20:53 (UTC +04:00)
Azərbaycanlı Gənclərin Ümumdünya Həmrəylik Forumu keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə, 23 iyul 2020-ci il tarixində “Qarabağ – azərbaycanlı gənclərin həmrəylik amili” mövzusunda forum keçirilmişdir.

Gənclər Fondundan Trend-ə bildirilib ki, forumda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, "Dağlıq Qarbağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev gənclər təşkilatlarının rəhbələri, Avstraliya, İtaliya, Rusiya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Macarıstan, Ukrayna, Avstriya və Polşada gənc diaspor nümayəndləri çıxış etmişlər.Tədbirdə 400-dən artıq gənc iştirak etmişdir. Forum eyni zamanda facebook sosial şəbəkəsində canlı yayımlanmşdır.

Azərbaycan-Ermənistan sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq Ermənistanın törətdiyi hərbi təxribatlara etirazlarını bildirmək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız yaşadıqları ölkələrdə nümayiş və yürüşlər keçir mişlər. Keçirilən aksiyalar zamanı həmvətənlərimiz dünyaya Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışaraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini qəti şəkildə pişləmiş, dövlət başçımıza, ordumuza və əsgərlərimizə dəstək nümayiş etdirmişlər.

Vətəndə və xarici ölkələrdə yaşayan və təhsil alan gənclər, həmçinin dövlət rəsmiləri, aparıcı gənclər və diaspora təşkilatlarının təmsilçiləri Forumda çıxış edərək, Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları və işğalçılıq siyasəti fonunda gənclərin birliyinin, həmrəyliyinin vacibliyini vurğulamışlar. Bu xüsusda, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, həmçinin sosial şəbəkələrdə erməni yalanlarına və təhrif olunmuş məlumatlara qarşı mübarizə barədə də danışılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində erməni təxribatının dəf edilməsi və düşmənə layiqli cavab verilməsi bütün dünyada yaşayan soydaşlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olmuşdur. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar dövlət tərəfindən bu istiqamətdə atılan addımlara dəstək və həmrəylik ifadə etdirirlər. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın tarixi barədə həqiqətlərin dünya ictmaiyyətinə çatdırılması və Ermənistan dövlətinin işğalçı mahiyyətinin beynəlxalq səviyyədə ifşa edilməsi baxımından gənclərin üzərinə böyük vəzifələrin düşdüyü xüsusi vurğulanmışdır. Tədbir iştirakçıları bu istiqamətdə fəaliyyətin daha səmərəli şəkildə əlaqələndirilməsinin vacibliyini bildirərək, Azərbaycan naminə səylərini və bacarıqlarını bundan sonra da əsirgəmiyəcəklərini ifadə etmişlər.

Forum onlayn rejimdə sosial şəbəkələrdə canlı yayımlanaraq minlərlə insan tərəfindən izlənilmişdir.

Forumun sonunda onun iştirakçıları adından bəyanat qəbul edilmişdir. Bəyanatın mətni ilə bu keçid vasitəsilə tanış ola bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti