Bakı. Ceyhun Ələkbərov - Trend:
Son vaxtlar Azərbaycanda velosipedə olan tələbat artıb.
Bunu Trend-ə açıqlamasında velosiped mağazalarından birinin nümayəndəsi Azər Qasımov bildirib.
Onun sözlərinə görə, bu, koronavirus səbəbindən insanların bir sıra aktiv fəaliyyətlərinin məhdudlaşması ilə əlaqədardır:
“Artıq bir neçə aydır ki, karantin rejiminin tətbiqi ilə bağlı bir çox sahələr bağlıdır. İnsanlar arasında bu zaman ərzində evdə oturmağa yox, daha çox aktiv həyata üstünlük verənlər də olub. Həm də aktiv həyat tərzi orqanizmi virusa qarşı daha dözümlü edir. Bu səbəblərdən mart ayından başlayaraq əvvəlki dövrlə müqayisədə velosipedə tələbat artıb. Daha çox paytaxt sakinləri bu nəqliyyat vasitəsinə üstünlük verir. Velosiped alanların əksəriyyəti isə cavan nəsildir”.
A.Qasımov qeyd edib ki, idman zallarının və açıq havada idman qurğularının bağlı olması da velosipedə olan tələbatı artırıb. Daim bədən quruluşuna və çəkiyə nəzarət edən insanlar zalların bağlı olması səbəbindən velosiped sürməklə formada qalmağa çalışırlar. O, əlavə edib ki, hazırda dəbilqələrə də tələbat yüksəkdir:
“Yaxşı bir haldır ki, vətəndaşlar tək velosiped almaqla kifayətlənmirlər. Biz daim olaraq alıcılara dəbilqədən istifadə etməyi tövsiyə edirik. Əvvəllər istifadə etməyənlər də olurdu. Lakin son dövrlər buna tələbat artıb, velosiped həvəskarları artıq aksesuarlar da almağa başlayıblar”.