Bakı. Trend:
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə, 21 avqust 2020-ci il tarixində Amerika Diyanət Mərkəzində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin və Türkiyənin ABŞ-dakı Səfirliyinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç, hər iki qardaş ölkənin Səfirliklərinin əməkdaşları, çoxsaylı Azərbaycan və Türk icmasının nümayəndələri qatılıb.
Tədbirdə Diyanət Mərkəzinin din xadimləri tərəfindən şəhidlərin adları sadalanaraq, onların ruhuna Qurani-Kərim oxunmuş, dualar edilib. İki qardaş ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın ölkələrimizin müstəqilliyinin təməli olduğu və dərin ehtiramla onların xatırlandığı qeyd edilib.
Daha sonra, Azərbaycan və Türkiyə mətbuatının yerli nümayəndələrinə müsahibə verən səfir Elin Süleymanov sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə Türkiyə Səfirliyinə və Diyanət Mərkəzinə dərin minnətdarlığını bildirib. Şəhidlərimizin xatirəsinin Türkiyəli qardaşlarımız ilə birgə şərəf hissi ilə yad edilməsinin Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin, “bir millət, iki dövlət” ruhuna bağlılığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Türkiyə səfiri Serdar Kılıç da çıxışında şəhidlərin ruhuna oxunan duaların qəbul olunması diləyi ilə, bu tədbirin bir millətə yaraşan tərzdə təşkil olunduğunu, şəhidlərə Allahdan rəhmət dilədiyini, tədbirə qatılanlara təşəkkürünü bildirib. Ölkələrimizin müstəqilliyinin və qardaşlığının daim güclənməsini və əbədi olmasını arzuladığını vurğulayıb.
Tədbirin sonunda, Mərkəz tərəfindən hazırlanmış ehsan verilib.
Türkiyənin Diyanət İşləri Bakanlığı və Türkiyə Diyanət Vəqfinin əməkdaşlığı ilə tikilmiş sözügedən müəssisə, Vaşinqton şəhəri, Virciniya və Mərilənd ştatlarında yerli müsəlman icmaları birləşdirən mərkəz olmaqla yanaşı, bir sıra ictimai və sosial layihələrin həyata keçirilməsində və ABŞ-da müsəlman icması arasında ictimai rəyin formalaşmasında müəyyən əhəmiyyətə malikdir.
Mərkəz 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılmışdır. Mərkəzdə məscid, elmi-tədqiqat mərkəzi və bir sıra sosial tədbirlərin keçirilməsi üçün müəssisələr fəaliyyət göstərir.