Bakı. Ceyhun Ələkbərov - Trend:
Uzun illər işğal altında olan daşınmaz tarix-mədəniyyət abidələrinin monitorinqi, bərpası, konservasiyası və tədqiqatların aparılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.
Xidmətdən deyilib ki, orada yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb:
"Heç şübhəsiz ki, bu gün daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı bizi narahat edən əsas məsələlərdən biri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə yerləşən tarixi abidələrimizin taleyidir.
Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrinin monitorinqi, bərpası, konservasiyası və tədqiqatların aparılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
Ümid edirik ki, qısa zamanda rəşadətli Ordumuz işğal altında olan bütün torpaqlarımızı azad edəcək və 30 ilə yaxın bir müddətdə dağıntılara məruz qalmış yurd yerlərimiz və tarix-mədəniyyət abidələrimiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə uyğun bərpa edilərək, yenidən xalqımıza qaytarılacaqdır".