Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın arid (quru) və semiarid (yarım quru) regionlarında yerləşən təbii və anropogen mənşəli bir sıra şirin su ekosistemlərində ekoloji tarazlıq pozulub.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, ekoloji tarazlıq Kür, Araz, Xaçınçay, Tərtər və s. çaylarda, eləcə də Hacıqabul, Acınohur, Ağgöl və s. göllərdə, Bolqarçay su anbarında pozulub.
Bu pozulmaya insanların elmi əsaslara söykənməyən uzunmüddətli təsərrüfat fəaliyyəti və iqlim dəyişmələri təsir edib. Şirin su ekosistemlərində ekoloji tarazlığın pozulması əhalinin normal həyat fəaliyyəti və şirin su ilə təminatını da çətinləşdirib.
İnstitutdan bildirilib ki, tədqiqatçılar Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə tutulmasını müşahidə ediblər.
Kür çayının Xəzər dənizinə suyunu çatdırmaması aşağı axında çay dərəsi boyunca 70 km-lik məsafədə yataq tamamilə və ya qismən dəniz suyu ilə dolub. Buna səbəb Xəzər dənizinin səviyyə tərəddüdləri, çay yatağı ilə eroziya bazisi arasında hidrogeomorfoloji tarazlığın pozulması və hakim küləklərin dəniz suyunu çay dərəsinə doğru qovmasıdır:
"Şirin su ekokistemlərində yaranmış problemlərin kompleks həlli istiqamətində aparılacaq tədbirlər qarşılıqlı əlaqədə, düşünülmüş şəkildə, təbiətdə formalaşmış ekoloji tarazlığı pozmadan və davamlı sosial-iqtisadi inkişafı təmin etməklə həyata keçirilməlidir. İqlimdə baş verən quraqlaşma və suya təlabatın sürətlə daha da artacağı mövqeyindən yanaşdıqda yaxın illər üçün bu problemin davam edəcəyi arzu etmədiyimiz gözləntimizdir".