Bakı. İlhamə İsabalayeva - Trend:
Şagirdlər üçün dekabrın 19-da “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə keçiriləcək milli qiymətləndirmə metodologiyası beynəlxalq qiymətləndirmə sistemlərinə uyğundur. Çünki əsas beynəlxalq qiymətləndirmə metodlarında şagirdlərin dil və riyazi bacarıqları ölçülür.
Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.
Onun sözlərinə görə, bu qiymətləndirmənin nəticələri analiz edilərək orta təhsildə ana dil, xarici dil və ingilis dili tədrisinin nəticəsi müqayisəli təhlil ediləcək və mövcud problemlərin həlli istiqamətində addımlar atılacaq:
"Düzdür, milli qiymətləndirmənin pandemiya səbəbi ilə virtual keçirilməsi ölçmə və qiymətləndirmədə müəyyən problemlər yarada bilər. Amma düşünürəm ki, elmi tədqiqatlarda müəyyən xətanın olması da normaldır. Şagirdlərin artıq uzun müddətdir ki, "TEAMS" proqramı və "Virtual məktəb" platformunu istifadə etmək bacarığı bu qiymətləndirmənin də uğurlu təşkilinə zəmin yaradacaqdır. Bilindiyi kimi, Azərbaycan məktəbliləri 3 beynəlxalq qiymətləndirmə proqramında iştirak edir. Azərbaycanın 2006-cı ildən iştirak etdiyi ı2PISA - şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramında şagirdin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqları qiymətləndirilib".
Ekspert qeyd edib ki, Azərbaycanın qoşulduğu TEAMS və PIRLS beynəlxalq qiymətləndirmə proqramı isə şagirdləri yaşına görə deyil, kurikuluma görə qiymətləndirir. Məqsədinə və formasına görə nisbətən milli qiymətləndirməyə yaxın olduğundan onların nəticələri gələcəkdə milli qiymətləndirmənin nəticələri ilə əlaqələndirilə bilər. TEAMS – riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq qiymətləndirmə proqramıdır. 1995-ci ildən fəaliyyətə başlayan proqram dörd ildən bir IV və VIII sinif şagirdləri arasında aparılır. Azərbaycan 2010-cu ildə TEAMS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib. 2019-cu ildə Azərbaycan məktəblilərinin iştirak etdiyi TEAMS imtahanlarının bu yaxınlarda açıqlanan nəticələrinə görə Azərbaycan məktəbliləri (4-cü siniflər) bir əvvəlki TEAMS nəticəmizi 52 bal artıraraq 28-ci yer tutdular:
"Bu beynəlxalq qiymətləndirmə nəticəsində Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbul imtahanı yenə bir müsabiqə oldu və yenə ən yaxşı, ən uğurlu müəllimlərin seçilərək məktəblərə təyin olunması ilə nəticələndi və məktəblərimizdə müəllimlərin keyfiyyəti artmış oldu. Müəllimlərin keyfiyyətinin artmağı isə əlbəttə ki, şagirdlərin daha çox öyrənməyinə, öyrəndiklərinin daha da qalıcı olmasına öz müsbət təsirini göstərdi. Bu mənada fundamental elm sayılan riyaziyyatda Azərbaycanın nəticəsinin yaxşılaşmağı hər üç qiymətləndirmədə əhəmiyyətlidi və 19 dekabrdakı virtual qiymətləndirmə ilə bu fənlərin mənimsənməsinin mövcud vəziyyəti ölçüləcək. Eyni zamanda, bu qiymətləndirmənin virtual olması gələcəkdəki beynəlxalq qiymətləndirmələrdə kompüterlə olan ölçmələrdə şagirdləri kompüter və digər texniki avadanlıqlardan istifadə baxımından daha təcrübəli şəkildə iştirakına kömək edəcək".
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində milli qiymətləndirmələr təşkil olunur. Bi il də 19 dekabr saat 14:00-dan başlayaraq “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında “Teams > General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazımıdır. Bu qiymətləndirmə əvvəlki illərdə də DİM tərəfindən monitorinq imtahanları şəklində edilirdi və nəticələr Təhsil Nazirliyi ilə paylaşılırdı.
Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin əsas məqsədi orta təhsil ilə əlaqəli təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.
Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir, ancaq tədqiqat xarakterlidir.
Qiymətləndirmə prosesində IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə), VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat), IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat).