...

Sumqayıtın bəzi küçələrində səs-küyün miqdarı artıb

Cəmiyyət Materials 1 Fevral 2021 09:19 (UTC +04:00)
Sumqayıtın bəzi küçələrində səs-küyün miqdarı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin əməkdaşları AR Prezidentinin “Ətraf mühitə insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” fərmanından irəli gələn tələblərə və tədqiqat planına uyğun olaraq Sumqayıt şəhərində avtonəqliyyat vasitələrinin yaratdığı səs-küyün intensivliyi, onun insan sağlamlığına təsir xüsusiyyətlərinə dair çöl-tədqiqat işləri aparırlar.

İnstitutdan Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qənaətinə görə bu problem insan orqanizmində çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq, diqqət və yaddaşın zəifləməsi, normal istirahət və orqanizmin müqavimət gücünü bərpa etməyə mane olan əsas amillərdən biridir. Bəzi ölkələrdə aparılan tədqiqatlara görə, bu səbəblərdən insan ömrünün orta hesabla 10-12 il azaldığı məlum olmuşdur.

Coğrafiyaçılar tərəfindən Sumqayıtda aparılan çöl tədqiqatları zamanı şəhərin daha intensiv III və IV dərəcəli küçələrinin, daha dəqiq desək, üç xarakterik hissəsinin 0,10 və 20 metr məsafəliyində nəqliyyatın gur vaxtında müvafiq müşahidə məntəqələri seçilmişdir. Səs-küyün diapazonu üzərində “SVAN 947” cihazı vasitəsi ilə ölçmələr aparılmış, orta rəqəmlər əldə edilmişdir.

Müşahidələr zamanı əldə edilən yetmişdən artıq kartotekanın emalının nəticəsi olaraq şəhərin bəzi, o cümlədən, Sülh, Bakı və Koroğlu küçələrinin müxtəlif məntəqələrinin “0” nöqtəsində səs-küy miqdarının normadan orta hesabla 10 dB artıq olması təyin edilmişdir. 10 metrlik məsafə göstəriciləri isə Sülh küçəsinin bəzi məntəqələrində normadan orta hesabla cəmi 5 dB artıq olmuşdur. Burada qabaqlayıcı tədbirlər görərkən bu problemi nəzərdə tutmaq vacibdir.

İnsan sağlamlığının vacibliyini nəzərə alan şöbə əməkdaşları bu problemi paytaxt Bakı daxil olmaqla digər iri şəhərlərimizdə də öyrənmək qənaətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti