...

Şəhriyar ölməyib, Şəhriyar həmişə yaşayacaq! Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2021 20:09 (UTC +04:00)
Şəhriyar ölməyib, Şəhriyar həmişə yaşayacaq! Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

Bakı. Trend:

Yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Həbibi Şəhriyar Vidadi oğluna həsr edilmişdir...

- Salam, Şəhriyar

- Salam.

- Səninlə söhbətin vaxtı gəldi.

- Xoşdur.

- Sən Bakı Dövlət Universitetində fizika fakültəsində oxumusan?

- Bəli, 2010-2014 illərdə.

- 2016-ci ildə də aprel döyüşlərində iştirak etmisən.

- Bəli, o da olub. Dörd günlük aprel döyüşləri qırx dörd günluk müharibəyə keçdi (gülümsəyir).

- Maraqlıdır, mən heç bu rəqəmlərə fikir verməmişəm, amma yəqin bunda nə isə var.

- Ola bilər. Bilmirsiniz, Lənkəranda məndən danışan çoxdur?

- O qədərdir ki! Nəinki Lənkəranda, bütün Azərbaycan xalqı səninlə fəxr edir.

- Sevindim (gülümsəyir).

- Şəhriyar, ananla vidalaşa bildin?

- Demək olar ki, yox, amma bilirəm ki, o, mənimlə fəxr edir... Mən müharibəyə gedəndə ona zəng etdim ki, ana, gəl sağollaşaq... Nəisə, ikimiz də çox ağladıq. Sanki bilirdim...

Şəhriyar susdu. Mən onun hisslərini anlamasam belə, ağrısını ürəyimlə hiss edə bilirdim... Yaxınlarını itirmək çətindir, amma onlarla vidalaşmaq bir faciədir...

- Şəhriyar, ay Şəhriyar...

- Bəli?

- Fikrə getdin?

- Hə... Mən, əslində, gözəl həyat yaşamışam, amma sizə düzünü deyim, evə gayıtmağı çox istəyirdim...

- Anana tez-tez zəng edirdin?

- Çalışırdım. Oktyabrın axırında zəng vurub dedim ki, tezliklə evə gayıdacağam (gülümsəyir). Amma Noyabrın altısında Qubadlı-Cəbrayıl döyüşlərindən sağ çıxa bilmədim...

- İnanırdın ki, qayıdacaqsan?

- İnanmaq istəyirdim...

- Şəhriyar, şəkillərinə baxanda gülümsəyirəm, bütün şəkillərdə o qədər yaraşıqlısan ki!

- Çox sağ olun, utandırdınız (gülür).

- Şəhriyar, bilirəm getməlisən, amma bəlkə demədiyin sözün galıb?

- Bilirsiniz, mən sözümün üstündə dura bilmədim. Atam rəhmətə gedəndən sonra anama demişdim ki, onu heç zaman tək qoymayacağam... Mən anamın son ümidi idim... Artıq ümid qalmadı... Anamı gucaqlayıb demək istəyərdim ki, ay ana, ağlama, mənimlə fəxr et, amma göz yaşlarını görmək istəməzdım. Şəhriyar ölməyib, Şəhriyar həmişə yaşayacaq! Söz verirəm!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti