...

Aprel döyüşləri - tarixi zəfərə gedən yolda böyük qələbə

Cəmiyyət Materials 2 Aprel 2021 16:39 (UTC +04:00)
Aprel döyüşləri - tarixi zəfərə gedən yolda böyük qələbə

Bakı. Trend:

Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət kimi xarakterizə edilə bilər. Əminliklə söyləmək olar ki, Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım olub.

Trend xəbər verir ki, bu sözləri Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin növbəti erməni təxribatına verdiyi layiqli cavab haqq mübarizəmizdəki qələbəyə inamımızı daha da artırmış oldu. Belə ki, qısa müddət ərzində düşmənin yüzlərlə canlı qüvvəsinin, xeyli sayda silah və hərbi texnikasının məhv edilməsi, minlərlə hektar ərazinin işğalçı qüvvələrdən təmizlənməsi ordumuzun gücünün bariz göstəricisidir.

“İllərlə doğma yurdlarından didərgin düşmüş insanlarımızın əzəli torpaqlarımıza ilk qayıdışı məhz Aprel döyüşlərində Azərbaycan əsgərinin nümayiş etdirdiyi qəhrəmanlıq sayəsində mümkün oldu”, - deyən rektor bildirib ki, dördgünlük müharibə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının bir sıra ərazilərinin və strateji yüksəkliklərinin işğaldan azad olunması ilə nəticələndi. Əldə edilmiş şanlı qələbədən sonra ən qısa zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbə salındı və Böyük Qayıdışa start verildi.

Şahin Bayramov deyib: “Prezident İlham Əliyevin Aprel döyüşləri haqqında söylədiyi fikirləri bir daha xatırlamaq lazımdır: “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Doğrudan da, çox keçmədi ki, Aprel döyüşlərində başlanılan qələbə marafonu Vətən müharibəsində böyük qalibiyyətlə başa çatdırılmış oldu. Fərəhli haldır ki, Aprel döyüşlərinin beşinci ildönümünü 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin qürurunu yaşadığımız dövrdə qeyd edirik. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anırıq”.

Rektor onu da bildirib ki, tariximizin şanlı səhifələrindən biri olan Aprel döyüşlərinin əhəmiyyəti, dördgünlük hərbi əməliyyatlarda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, eləcə də qazilərimizin göstərdikləri şücaətlər barədə gənc nəslin maarifləndirilməsi istiqamətində fəaliyyət bundan sonra da davam etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti