...

“Schlumberger” şirkətinin yeni icraçı direktoru Bakı Ali Neft Məktəbində (FOTO)

Cəmiyyət Materials 3 May 2021 12:22 (UTC +04:00)
“Schlumberger” şirkətinin yeni icraçı direktoru Bakı Ali Neft Məktəbində (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schlumberger” şirkəti arasında əməkdaşlıq əlaqələri genişlənir. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Schlumberger” şirkətinin Azərbaycandakı icraçı direktoru Maria Yunda ilə görüşdə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüşdə “Schlumberger” ilə 2014-cü ildə yaradılan əlaqələrin daha da genişləndiyi qeyd edilib.

Bakı Ali Neft Məktəbi barədə ətraflı məlumat verən rektor Elmar Qasımov qeyd edib ki, Ali Məktəbdə yüksək intellektual potensila malik, savadlı gənclər təhsil alır və onlar məzun olduqdan sonra 100 faizlik işlə təmin olunurlar.

BANM-də texniki ixtisaslarla yanaşı, texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor, bu ixtisaslar üzrə yeni proqramların reallaşdırılmasının və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Eyni zamanda, Ali Məktəbdə mühəndis kadrların hazırlığı prosesində şirkətlərlə əməkdaşlığa böyük önəm verildiyini bildirib.

Maria Yunda BANM tələbələrinin potensial kadrlar olaraq nəzərdən keçiriləcəyini və gələcəkdə şirkətdə geniş karyera imkanları yaradılacağını deyib. İcraçı direktor Bakı Ali Neft Məktəbində təlim və tədris üçün yüksək standartlara cavab verən bütün zəruri infrastrukturun yaradıldığını, karyera və təcrübə proqramları istiqamətində əməkdaşlığa maraqlı olduqlarını bildirib. M.Yunda informasiya texnologiyaları ixtisaslarına tələbat yarandığını və bu ixtisaslar üzrə təhsilini başa vurmuş BANM məzunlarının işə cəlb olunması prosesinin sürətləndirilə biləcəyini vurğulayıb.

Xatırladaq ki, 2014-cü ildə BANM və “Schlumberger” şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə çərçivəsində hər il şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələri üçün müxtəlif mövzular üzrə təqdimatlar keçirilir və tələbələr şirkətin strukturlarında yay istehsalat təcrübəsi keçir və işlə təmin olunular.

Qonaq Bakı Ali Neft Məktəbinin əsas tədris korpusu ilə yaxından tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti