...

Göyçayda koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2021 11:28 (UTC +04:00)
Göyçayda koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)

Bakı. Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Göyçay rayonunda COVD-19 təhlükəsinə qarşı karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

Rayon icra hakimiyyətində fəaliyyət göstərən operativ qərargahdan Trend-ə bildirilib ki, son vaxtlar respublikamızda yoluxma və bununla bağlı ölüm hallarının artması Göyçay rayonunda da koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsini zəruri edib. Rayonda əhalinin sağlamlığının qorunması, virus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminə əməl edilməklə koronavirus infeksiyasına qarşı gündəlik dezinfeksiya işlərinə başlanılıb.

Hazırda rayon icra hakimiyyətinin tapşırığı ilə tətbiq olunan qrafik əsasında şəhərdə və kənd yaşayış məntəqələrində dezinfeksiya işləri davam edir. Ötən gün Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən son iki gündə çoxmərtəbəli yaşayış binalarının dəhlizləri, həyəti, avtovağzal kompleksi, parklar və küçələr, yol kənarları, habelə kəndlərdə qeyri-yaşayış binaları və sakinlərin sıx olduğu yerlər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə bu, 1000-i ötüb.

Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazənin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.

Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti