...

Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2021 15:36 (UTC +04:00)
Azərbaycanda ilk təhsilyönümlü əyləncə parkı açıldı (FOTO)

Bakı. Trend:

"Dəniz Mall"da uşaq və yeniyetmələrin həm əylənib, həm də öyrənmələri üçün "Kinderland" adlı yeni məkan fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, "Caspian Entertainment" şirkətinin təşəbbüsü ilə həyata keçirilən "Kinderland" adlı layihə çərçivəsində balacalar gələcək həyatlarında hansı peşənin sahibi ola biləcəklərini indidən seçə və həmin sahə üzrə fəaliyyət göstərə bilirlər. Bunun üçün 5000 kv. metr sahədə uşaqların həm öyrənib, həm də əylənmələri üçün müxtəlif sahələrə uyğun real fəaliyyət şəraiti yaradılıb.

Şirkətin əməliyyat departamentinin meneceri Elman Mustafayevin sözlərinə görə, burada 54 fəaliyyət sahəsi var: ""Kinderland"da pandemiyadan kənar, normal şəraitdə 900-dən çox uşaq və valideyni qəbul etmək imkanımız var. Məkana daxil olarkən uşaqlara "Kinderland" ölkəsinin valyutası olan "Kindi" verilir. Onlar həmin pulla müxtəlif zonalara daxil ola bilirlər. Eyni zamanda pulu bitən uşaq buradakı vakansiya bölməsinə gəlir və ona özünün çalışıb qazanması üçün şərait yaradılır. Real pullar burada keçərli deyil. Məqsəd uşaqları gələcəyə hazırlamaq, onlarda müxtəlif peşələr haqda təəssürat formalaşdırmaqdır. Burada uşaqlar üçün incəsənətdən innovasiya mərkəzlərinə qədər müxtəlif peşə sahələri üzrə real iş yerlərinin kiçik məkanları yaradılıb. 54 fəaliyyət sahəsinin bəzisində uşaqlar çalışıb pul qazanır, digərlərində isə onu xərcləyirlər".

"Kinderland"ın polisi, bank işçisi, həkimi və digər sahələr üzrə işçiləri yalnız uşaqlardır. Hər bir zonada fəaliyyət 20-25 dəqiqə olur. Bu müddətdə uşaqlara həm peşə barədə məlumatlar verilir, həm də özlərini istədikləri sahədə sınaya bilirlər. Otaqlarda interaktiv monitorlar, istehsal sahəsinin kiçik bir fraqmenti qurulub. Burada təhlükəsizlik də nəzərə alınıb və girişdə həm valideynlərə, həm də övladlarına xüsusi qolbaqlar təqdim edilir. Valideynlər bunun vasitəsilə ərazidəki monitorlardan övladlarının hansı məkanda olduğunu öyrənə bilirlər. Yaxın müddətdə mobil tətbiq də istifadəyə veriləcək və valideynlər tətbiq üzərindən də uşaqlarının fəaliyyətini izləyə biləcəklər. Eyni zamanda 4 yaşdan balaca uşaqlar üçün də məkanda fəaliyyət sahəsi var.

"Caspian Entertainment" şirkətinin marketinq, sponsorluq və satış departamentinin direktoru Mehriban Nəzərova isə "Kinderland"ın əsas simvolu ollan və qürurverici ad daşıyan "Qarabağ" təyyarəsindən danışıb. O bildirib ki, Azərbaycanda ilklərə imza atmış "Caspian Entertainment" burda da öz sözünü deyib. İlk dəfə ölkədə bir ticarət mərkəzində real A-319 tipli təyyarənin 16 metrlik korpusu quraşdırılıb, hazırda "Dəniz Mall"da 30 metr yüksəklikdə gələn qonaqları salamlayır. Burada uşaqların təyyarə idarəetməsini mənimsəmələri üçün smulyatorlar da mövcuddur.

"Kinderland"da qiymətlər də olduqca əlverişlidir.

Belə ki, bir nəfər üçün giriş həftəiçi 20, həftəsonu isə 25 manatdır. Valideynlər burada övladını əməkdaşlara təhvil verdikdən sonra parkın ərazisindəki kafe və restoranlarda istirahət edə bilərlər. Məqsəd uşaqların sərbəst şəkildə hərəkət etməsi, maraq dairəsinə uyğun şəkildə fəaliyyətini təmin etməkdir. Məkanda həftənin müvafiq günləri uşaq evlərinin sakinləri üçün də qrup şəklində tur təşkil edilir.

Qeyd edək ki, "Kinderland" həftəiçi 12:00-dan 21:00-dək, həftə sonları isə 11:00-dan 22:00-dək fəaliyyət göstərir. Bazar ertələri isə uşaqların balaca ölkəsində istirahət günüdür.

Ünvan – Neftçilər prospekti 26A, Deniz Mall ticarət mərkəzi (5 -ci mərtəbə).

Kinderland əyləncə mərkəzi haqqında ətraflı məlumatları qeyd olunan əlaqə nömrələrinə zəng edərək əldə bilərsiniz: (+994 12) 525 44 04, (+994 12) 525 44 14.

Rəsmi veb sayt - https://kinderland.az/ , e -poçt ünvanı - [email protected]

Sosial Şəbəkələr – Instagram, Facebook; Youtube

Məqalədə:
Xəbər lenti

Xəbər lenti