...

Millət vəkili Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2021 11:11 (UTC +04:00)
Millət vəkili Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib

Trend-in məlumatına görə, K.Nurullayeva şəhid ailələrinin evlərini ziyarət edərək ailə üzvləri ilə söhbətləşib. Belə ki, millət vəkili Azərbaycan xalqının parlaq qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin birinci ildönümü ərəfəsində Nizami rayonundan olan şəhidlərimizin ailə üzvlərinə baş çəkib, onların dərdlərinə ortaq olmağa çalışıb.

Qeyd edək ki, Milli Məclisin deputatının ailəsinə baş çəkdiyi şəhidlərimizdən biri Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Abasovdur. O, keçən ilin sentyabr ayında başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Elvin Abasov döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Digər bir şəhidimiz Rafael İbrahimov isə Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə canından, qanından keçərək şəhadətə yüksəlib. İgidimiz Rafael İbrahimov torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Millət vəkilinin ailəsini ziyarət etdiyi digər bir şəhidimiz mərdliyi və cəsarəti ilə seçilən Nemət Abbasovdur. O, Vətən müharibəsi başlar-başlamaz ön cəbhəyə könüllü olaraq qatılıb, Füzuli rayonunun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub. Nemət Abbasov Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalına layiq görülüb.

Namiq Cavadov Vətən Müharibəsinin ilk günlərindən ön cəbhəyə könüllü olaraq qatılıb, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Elsevər Əhədzadə isə Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirib, Vətən uğrunda canından, qanından keçərək şəhadətə yüksəlib. Milli Məclisin deputatı Könül Nurullayevanın ailəsinə baş çəkdiyi digər bir şəhidimiz isə Elsevər Əhədzadədir. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə icra etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti