...

Gömrük Akademiyası ÜGT Regional Strukturlarının 11-ci iclasında iştirak edib

Cəmiyyət Materials 10 Noyabr 2021 15:13 (UTC +04:00)
Gömrük Akademiyası ÜGT Regional Strukturlarının 11-ci iclasında iştirak edib

Bakı. Trend:

Qırğızıstanda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa üzrə Regional Strukturlarının 11-ci iclası keçirilmişdir. ÜGT-nin Avropa Regionu üzrə Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin (PGRO) təşkilatçılığı ilə keçirilən görüşə ev sahibliyi ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ÜGT-nin Bişkekdəki Regional Təlim Mərkəzi (RTM) tərəfindən edilmişdir. Tədbirdə ÜGT Katibliyi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Ukrayna və PGRO-nun Regional Təlim Mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Bu görüş pandemiya səbəbilə uzun fasilədən sonra ilk fiziki görüş olduğu üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

İştirakçılara ÜGT Katibliyinin davam edən fəaliyyəti, xüsusilə virtual reallıq (VR) texnologiyaları və BACUDA layihəsi barədə məlumat verilib və BACUDA layihəsinin məqsədinin gömrükçülər və tədqiqatçılarla əməkdaşlıq əsasında açıq mənbəli proqramlaşdırma dillərindəki alqoritmlər də daxil olmaqla müxtəlif data analitikası metodologiyalarını inkişaf etdirmək olduğu qeyd edilib.

PGRO-nun fəaliyyəti və təşəbbüsləri ilə bağlı təqdimat zamanı iştirakçılara ofisin son fəaliyyəti, o cümlədən institusional inkişaf, mövcud insan resurslarından daha yaxşı istifadə etmək üçün regional strukturlar və regionda maraqlı tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi baxımından həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.

Regional tədris mərkəzlərinin nümayəndələri təqdimatlarla öz fəaliyyətləri və mövcud vəziyyətləri barədə ətraflı məlumat veriblər. Bakı RTM-in nümayəndəsi, Gömrük Akademiyasının Əlavə Təhsil şöbəsinin baş mütəxəssisi Sevinc Əliyeva ötən il ərzində görülmüş işlər və təşəbbüslərlə bağlı hesabat təqdim edib.

İştirakçılar həmçinin RTM-lərin fəaliyyətini qiymətləndirmiş, onların üzləşdiyi problemlər və onların həlli üçün imkanlar barədə fikir mübadiləsi aparmış, RTM-lərin gələcək inkişafı istiqamətində irəliləyiş yolları, eləcə də potensialın artırılması üçün planlaşdırmanın mümkün yolları barədə fikir və təkliflərini vermişlər.

Görüşün sonunda iştirakçılar PGRO ilə koordinasiya etməklə növbəti il üçün RTM-lərin birgə iş planını hazırlamaq barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti