Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, dəyişikliklə 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.
Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.