...

20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev

Cəmiyyət 20 Yanvar 2022 11:33 (UTC +04:00)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev

Bakı. Trend:

“Azərbaycan xalqının minilliklərə söykənən qədim tarixinin mühüm səhifələrindən biri də əsarətə, işğala qarşı usanmadan mübarizə aparmasıdır. Tarixi faktlar sübut edir ki, böyük dövlətlər, nəhəng imperiyalar yaratmış Azərbaycan xalqı tarixin müəyyən mərhələlərində sərt sınaqlarla üzləşərək işğala məruz qalmışdırsa da, azadlıq mücadiləsini sonacan, məqsədinə nail oluncaya qədər davam etdirmişdir. Bu yolda bütün təzyiqləri, maneələri şərəflə aşmışdır. Xalqımızın azadlıq naminə atdığı hər bir addım bizim qəhrəmanlıq salnaməmizdir və xalqımızın hər bir üzvü tarxin bu səhifələrini qürurla vərəqləyir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, sovet imperiyasına qarşı xalqımızın mübarizəsi də tarixə qızıl hərflərlə yazılmış və gələcək nəsillərə dəyərli örnək olmuş şanlı azadlıq yolumuzdur: “Bu yolda xalqımız çox məşəqqətlərdən keçdi, repressiyalara, təzyiqlərə məruz qaldı, amma bir an da olsa, öz ali amalından əl çəkmədi, mübarizəsini ləyaqətlə davam etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda imperiyanın ədalətsiz siyasətinə etiraz edən əliyalın Azərbaycan xalqına qanlı divan tutuldu. Silahlı müdaxilə rayonlarda da baş verdi. Ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Törədilən hadisələr daim demokratiyanı əldə silah tutan totalitar rejimin iç üzünü bir daha göstərdi. Bu, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi. İmperiya Azərbaycan xalqının birliyini pozmaq, azadlıq mübarizəsini boğmaq, milli ruhunu öldürmək, müstəqilliyə gedən yolunu bağlamaq niyyətində idi. Amma xalqımız baş verən hadisədən qorxmadı, sarsılmadı, milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olduğunu göstərdi. 20 Yanvar ümumxalq faciəsi olmaqla yanaşı, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizdə öz yerini aldı. Bu, dünya tarixində əsarətə qarşı ən şanlı mübarizə idi”.

“Baş verən hadisənin səhəri günü - 1990-cı il yanvarın 21-də xalqımızın dahi oğlu, Vətənini və xalqını böyük sevgi ilə sevən, bütün ömrünü xalqının xoşbəxt yaşamasına xərcləyən, bu missiyasını özünə müqqədəs borc bilən Ulu Öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Azərbaycanda törədilən qanlı hadisəni bütün dünyaya çatdırdı, sovet rejiminin fitnəkar siyasətini qətiyyətlə və kəskin şəkildə tənqid etdi. Cəsarətli bəyanatları ilə əliyalın xalqa silah işlədilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv adlandırdı. Bu, o dövr üçün nə qədər təhlükəli açıqlama olsa da, Ulu Öndər bunu heç nədən qorxmayaraq böyük fədakarlıqla etdi. Xalqı ilə həmrəyliyini, hər zaman onunla birlikdə olduğunu göstərdi”, - Milli Məclisin deputatı bildirib.

“Şəhidlərimiz paytaxt Bakının ən uca zirvəsində uğurunda can verdiyi torpağa tapşırıldı. Törədilən qanlı hadisənin ardınca dəfn mərasiminə yüzminlərlə insanın qatılması xalqımızın Vətənin azadlığı yolunda heç nədən qorxmadığını, mətinliyini, şirin canından keçən şəhidlərimizə olan müqəddəs münasibətini nümayiş etdirdi. Xalqımızın sonrakı başqa mübariz davranışları da artıq imperiyaya göstərdi ki, Azərbaycanın müstəqillik mübarizəsinin qarşısında duruş gətirə bilməyəcək, bu, qarşısıalnmaz bir mücadilədir”, - AHİK sədri qeyd edib.

S.Möhbalıyev vurğulayıb ki, ümumilikdə 20 Yanvar hadisəsi milli kimliyimizin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu: “Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı. Bundan sonra xalq artıq öz gələcəyini müstəqil Azərbaycanda, suveren hüquqlarına sahib olmaqda, sərbəst və azad yaşamaqda gördü. Bütün çətinliklərə rəğmən, nəhayət, ən ali məqsədinə - müstəqilliyinə nail oldu. 20 Yanvar şəhidləri öz qanları ilə azadlıq yolumuza sönməz işıq saldı, mübaizlik məktəbi yaratdı, həmrəylik nümunəsini gələcək nəsillərə yadigar qoydu. Göstərdilər ki, bütün uğurlarımızın kökündə xalqımızın sarsılmaz birliyi dayanır. Xalqımız mübariz ruhunu davam etdirərək 30 ilə yaxın bir müddət ərzində Ermənistan işğalı altında olan Şərqi Zəngəzuru və Qarabağı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz Ordumuzun qəhərmanlığı sayəsində azad etdi. Müzəffər bir xalq olduğunu bütün dünyaya br daha nümayiş etdirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti