...

BANM və Cenevrə Biznes Məktəbinin birgə diplomları təqdim edilib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2022 10:55 (UTC +04:00)
BANM və Cenevrə Biznes Məktəbinin birgə diplomları təqdim edilib (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda Ali Məktəbin 2021-ci il Magistratura məzunlarına İsveçrənin Cenevrə Biznes Məktəbinin (GBS) MBA üzrə ikili diplomlarının təqdimolunma mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq məzunları təbrik edib və onlara müvəffəqiyyətlər arzulayıb. Ali Məktəbdə MBA proqramlarının uğurla həyata keçirildiyini bildirən rektor qeyd edib ki, bu gün diplomlarının təqdimolunma mərasimi keçirilən MBA proqramı dünyanın ən nüfuzlu özəl biznes məktəblərindən biri olan Cenevrə Biznes Məktəbi ilə imzalanmış Əməkdaşlıq haqqında Razılaşmaya əsasən reallaşıb. O vurğulayıb ki, bu proqram Azərbaycanda ilk dəfə ikili diplomlu Neft və qaz menecmenti üzrə MBA proqramı olub: “BANM-in bütün proqramları kimi ikili diplomun təqdim edilməsini nəzərdə tutan bu proqram da beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilib və yüksək səviyyədə tədris olunub. Bu proqram üzrə təhsil haqqı hər tələbə üçün 2,350 ABŞ dolları olub, halbuki İsveçrədə Cenevrə Biznes Məktəbinin kampusunda bir tələbənin xərcləri 60 min dollar təşkil edir. Azərbaycan dövlətinin təhsilə qayğısının və SOCAR-ın sosial layihəsi sayəsində yüksək səviyyəli təhsil aşağı büdcə ilə həyata keçirildi. Tələbələrə dərin biliklərlə yanaşı, sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları biliklərin biznesdə tətbiqi öyrədilib. Proqramın uğurla icra olunmasının və yüksək səviyyəli biliklərin aşılanmasının nəticəsidir ki, proqramın bütün məzunları nüfuzlu şirkətlərdə, müəssisələrdə çalışırlar”.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov məzunlara uğurlar arzulayıb. Proqramın əhəmiyyətini vurğulayan SOCAR-ın vitse-prezidenti burada qazanılan biliklərin bacarığa, səriştəyə çevrilməsinin uğurun açarı olduğunu qeyd edib.

Məzunları təbrik edən SOCAR-ın I vitse-prezidenti və SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısının müşaviri Elçin Ağakişiyev təhsilin, biliyin əhəmiyyətindən bəhs edərək bildirib ki, bilik uğurun əsasıdır. O, məzunlara uğurlar arzulayaraq tövsiyələrini verib.

Bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında təmsil etdiyi şirkətlə Bakı Ali Neft Məktəbi arasında yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu və Ali Məktəbin bir çox məzununun bp şirkətində müxtəlif vəzifələrdə çalışdığını qeyd edib. BANM-də təhsilin keyfiyyətini, tədrisin beynəlxalq standartlara uyğun aparıldığını da vurğulayan Bəxtiyar Aslanbəyli bildirib ki, bu ikili diplom proqramı da peşəkar kadrların hazırlanması istiqamətində atılan vacib addımlardan biridir.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Bakı Ali Neft Məktəbində həyata keçirilən MBA proqramının Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Milli prioritetlərə uyğun, çox əhatəli olduğunu və dərslərin maraqlı keçirildiyini bildirib.

Tədbirdə BANM-in müəllimləri - SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi idarəsinin rəis müavini Ziya Mürsəlzadə, “Pasha Property Management” MMC-nin baş icraçı direktoru Fuad Kərimov, proqramın məzunları - Bakı Ali Neft Məktəbinin əməkdaşları Cahan Məmmədova və Gülşən Cabbarzadə təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin Cenevrə Biznes Məktəbi ilə Neft-qaz menecmenti üzrə birgə MBA proqramı barədə Əməkdaşlıq Razılaşması 2019-cu ilin aprel ayında imzalanıb. Həmin il proqram üzrə qəbul həyata keçirilib və 2021-ci ildə proqramı 19 nəfər uğurla bitirərək məzun olub.

1995-ci ildə yaradılan Cenevrə Biznes Məktəbi biznes məktəbləri içərisində qabaqcıl yerlərdədir. Cenevrə Biznes Məktəbi 2016-cı ildə CEOWORLD jurnalının qlobal biznes məktəbləri sıralamasına əsasən dünyanın ilk yüzlüyündə, İsveçrədə 3-cü sırada yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti