Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində elektron infrastrukturun yaradılması nəticəsində həmin sığorta ödənişlərinin də elektron sistem üzərindən proaktiv təyinatı mexanizmi qurulacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsin özünə, vəfat etdiyi halda vərəsələrinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmadan sığorta ödənişi avtomatik təyin ediləcək və aidiyyəti şəxsin e-sistemdə qeyd olunmuş telefon nömrəsinə bu barədə SMS-bildiriş göndəriləcək.
Hazırda həmin e-infrastrukturun əsasını təşkil edəcək “Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.
Nazirlik tərəfindən elektron xidmətlərin dairəsi mütəmadi genişlənir. Qurum üzrə 175 xidmətdən hazırda 110-u elektron, habelə 46-sı proaktiv qaydada göstərilir.