...

Saatlıda suvarma sistemi yaxşılaşdırılıb (FOTO)

Cəmiyyət Materials 2 May 2022 09:44 (UTC +04:00)

Bakı. Trend:

Saatlıda yeni nov kanallar çəkilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki, Saatlıda suvarma mövsümünə ciddi hazırlıq işləri görülüb. Məqsəd suvarma mövsümündə əkin sahələrinin su təminatını vaxtında və itkisiz yerinə yetirməkdir. Saatlı Suvarma Sistemləri idarəsi tərəfindən cari ildə əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün bir çox layihələr həyata keçirilib ki, onlardan biri də rayonun Yeni Novruzlu və Bəylik kəndində olan əkin sahələrini əhatə edib. Bu məqsədlə uzunluğu 1km-dən artıq olan yeni nov kanal çəkilib. Bununla da müvəqqəti istifadə olunan nov kanalda su itkisinin qarşısı alınacaq və 500 hektardan çox əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Aşağı Muğan kanalının 1-ci qolunun, Baş Mil Muğan kollektoru ilə kəsişməsində olan akvedukun su keçirmə qabiliyyəti artırılıb. Bunun üçün diametri 1220 mm olan 3-cü boru xəttinin keçirilməsi başa çatdırılıb. Bununla da 11 kəndin 5 min hektara qədər əkin sahəsinin su təminatı yaxşılaşdırılıb.

Saatlı Suvarma Sistemləri İdarəsinin balansında olan əkin sahələri yeni əkin dövriyyəsinə daxil edilmiş torpaqlar hesabına bu il artıb. Mövcud əkin sahələri ümumi uzunluğu 1400 km-dən artıq olan suvarma kanalları, 2 min ədəddən artıq sayı olan hidrotexniki qurğu, 61 ədəd nasos aqreqatı və köməkçi vasitələrlə suvarma suyu ilə təmin edilir. Saatlı rayonu ərazisinin 17 min 856 hektara qədər sahəsi mexaniki üsulla, nasos stansiyaları vasitəsi ilə suvarılır. Bu iş isə 61 ədəd nasos aqreqatı olan 46 ədəd nasos stansiyaları vasitəsi ilə yerinə yetirilir. Görülən işlər nəticəsində fermerlərin əkin apardıqları sahələrə suvarma suyunun çatdırılması asanlaşıb. Bu isə məhsuldarlığın artmasına səbəb olacaq.

Qeyd edək ki, Saatlıda suvarma mövsümü ərəfəsində 111 hidrotexniki qurğu, 7 ədəd su nasos stansiyası, 6 ədəd istehsalat binası, 25 ədəd hidropost, 16 km nov kanal və 1.4 km beton kanal cari təmir edilib. Kanallarda faşın hörgüsü vasitəsi ilə 700 kub metr həcmində yamacbərkitmə işləri həyata keçirilib. Bundan əlavə Saatlı rayonu ərazisində uzunluğu 374 km olan kollektor-drenaj şəbəkəsində, 1376 kub metr mexanizmlə lildən təmizləmə işi görülüb. Araz çayında nasos stansiyaların yanında 440 min kub metr məcra təmizləmə işləri aparılıb. Eyni zamanda Aşağı Muğan, II və I Qol, Sol Sahil və Sabir kanalları lildən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti