Bakı. Trend:
Bədii gimnastika üzrə Bakı birinciliyi yarışları maraqlı və heyranedici keçir. Bu turnirdə iştirak etdiyim üçün şadam.
Bu barədə Trend-ə "Ocaq Sport" klubunun yetirməsi olan gənc gimnast Güllüzar Şərifova deyib.
"Etiraf edim ki, xalçaya çıxmazdan əvvəl həyəcanlı idim, lakin nə qədər azarkeşin bizi dəstəkləməyə gəldiyini görəndə sakitləşdim. Çox adamın bədii gimnastikanı sevməsi, yarışlara gəlməsi, idmançıları dəstəkləməsi çox gözəldir. Bizə qarşı belə həssas münasibəti görərək, gözəl çıxışlarla tamaşaçıları sevindirməyə çalışırıq”, - deyə o bildirib.
Güllüzar Şərifovanın sözlərinə görə, idmanda o, özünü bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü Zöhrə Ağamirovayla tənləşdirməyə çalışır.
"Zöhrə Ağamirova mənim kumirimdir, onun beynəlxalq yarışlardakı çıxışlarını həmişə böyük həvəslə izləyirəm. Mənə gəlincə, bütün alətlərlə çıxış etməyi xoşlayıram, amma ən çox lenti qeyd edərdim. Çoxları lentin ən çətin alət olduğunu deyir, amma mənə elə gəlir ki, ən gözəl hərəkətlər məhz onunla edilənlərdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.
Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.
Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.
İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.