...

Bakıxanov qəsəbəsində Oskar Əfəndiyev küçəsinin təmiri yekunlaşıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 May 2022 13:45 (UTC +04:00)
Bakıxanov qəsəbəsində Oskar Əfəndiyev küçəsinin təmiri yekunlaşıb (FOTO/VİDEO)

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılan təmir işləri çərçivəsində Oskar Əfəndiyev küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 4664 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.

Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 17 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Yaxın günlərdə piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə tam olaraq vətəndaşların istifadəsinə veriləcək.

Hazırda analoji təmir işləri qəsəbə üzrə uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsində də son mərhələdə olmaqla icra edilir. Bundan başqa Əşrəf Yunusov, Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də təmir işləri aparılır.

Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti