Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin psixoloqları ilə təlim-metodiki toplantı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov 2022-ci ilin cari dövrü ərzində psixoloji iş, hərbi intizamın möhkəmləndirilməsi və digər sahələrdə görülən işlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
General-mayor B.Orucov Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə
başa çatan Vətən müharibəsindən də danışaraq, bu Zəfərin
qazanılmasında şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsinin,
mənəvi-psixoloji hazırlığının və hərbi intizamının yüksək olmasının
böyük rolu olduğunu qeyd edib.
Toplantıda çıxış edənlər Azərbaycan Ordusunda nizam-intizamın
yüksəldilməsi və möhkəmləndirilməsi sahəsində həyata keçirilən
islahatlardan, həmçinin bu sahədə psixoloqların üzərinə düşən
vəzifələrdən danışıblar. Şəxsi heyətin döyüş ruhunun,
vətənpərvərlik hissinin, qələbə əzminin yüksəldilməsi məqsədilə
milli mənəvi dəyərlərin aşılanmasının, tarixi şəxsiyyətlərin,
sərkərdələrin keçdiyi döyüş yolunun təbliğinin əhəmiyyəti diqqətə
çatdırılıb.
Sonra Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin
zabitləri çıxış edərək mənəvi-psixoloji təminatın yüksəldilməsi
istiqamətində görülən işlər, ordunun döyüş qabiliyyətinə təsir edən
bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.