Bakı. Trend:
“Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Ombudsman Aparatı, Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil edilmiş “Miqrantların hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq və milli hüquqi çərçivə: monitorinq mexanizmləri, tənzimlənməyən miqrantların saxlanılması prosedurları” adlı təlimin ikinci günü Yevlaxda davam etdirilib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, təlimin məqsədi Yevlax Regional Miqrasiya İdarəsinin və Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin əməkdaşlarının miqrantların hüquqlarının müdafiəsi ilə əlaqədar bilik və bacarıqlarının artırılması olub. Görüş zamanı iştirakçılara Ombudsmanın miqrantların hüquqlarının müdafiəsi sahəsində, o cümlədən Milli Preventiv Mexanizm mandatı çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.
Daha sonra Ombudsmanın Milli Preventiv Qrupu və Miqrasiya
Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki
nümayəndəliyinin üzvləri tərəfindən Yevlax şəhərində yerləşən
Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə baxış keçirilib.
Mərkəzdə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin
araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin
hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyəti
öyrənilib. Müəssisədə yataqxana korpuslarına, yaşayış və tibb
otağına, ümumi əraziyə, müsahibə yerinə, görüş otağına, gəzinti
yerinə, yeməkxana və digər obyektlərə baxış keçirilib, habelə
sovqat qəbulu, gəzinti ilə bağlı mövcud vəziyyət və sənədləşmə
araşdırılıb.
Yekunda müəssisə rəhbərliyi və əməkdaşlarla milli qanunvericilik və beynəlxalq sənədlər əsasında maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Eyni zamanda, miqrantların hüquqlarının müdafiəsi ilə bağlı müzakirə aparılıb və Ombudsmanın 916 Çağrı Mərkəzi ilə bağlı məlumatların əks olunduğu plakatlar müəssisəyə təqdim olunub.