...

“İrsin idarə edilməsi bacarıqlarının inkişafı” mövzusunda təlim proqramının açılışı olub (FOTO)

Cəmiyyət Materials 13 İyun 2022 18:19 (UTC +04:00)
“İrsin idarə edilməsi bacarıqlarının inkişafı” mövzusunda təlim proqramının açılışı olub (FOTO)

Bakı. Trend:

UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək təlim proqramının açılışı olub.

Tədbirin açılışında çıxış edən təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Memarlıq və İnşaat Universitetinin nümayəndələri irsin idarə edilməsi mövzusunda ilk dəfədir birgə təlim proqramında iştirak edir və bu amil irsin qurumsal bağlılıq çərçivəsindən ümumi və birgə fəaliyyəti üçün yaxşı zəmin yaradacaq. Vasif Eyvazzadə daha sonra UNESCO müvafiq konvensiyası, sahə üzrə idarəetmə orqanları, Dünya İrsi siyahısı, məşvərətçi təşkilatlar, Azərbaycanın bu proseslərdə rolu barədə təqdimatla çıxış edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışı zamanı təlim təşəbbüsünü yüksək qiymətləndirdiyini və ölkəmizdə bu sahə üzrə ekspertlərə böyük ehtiyac olduğunu, post-münaqişə dövründə işğaldan azad olunan ərazilərdə mədəni irsin inventarlaşması və bərpası ilə bağlı Nazirliyin qarşısında böyük vəzifələrin durduğunu qeyd edib.

Azad Cəfərli gələcəkdə bu təlimlərin digər konvensiyalara da şamil edilməsinin vacibliyini diqqətə çatdırıb.

Vasif Eyvazzadə digər konvensiyalarla bağlı təklifi dəstəklədiklərini və əslində UNESCO-nun Dünya irsi konvensiyası ilə yanaşı, Qeyri-maddi mədəni irsin qorunmasına dair 2003-cü il, Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunmasına dair 1954-cü il, Mədəniözünüifadə müxtəlifliyinin qorunması və inkişafına dair 2005-ci il və Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə bağlı 1970-ci il konvensiyaları çərçivəsində də təlim modullarının artıq hazırlandığı və yaxın zamanda təşkil ediləcəyini diqqətə çatdırıb.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Mədəni irs üzrə ekspert Elsevər Məmmədovun "İrs İdarəetməsinə giriş və İdarəetmənin effektivliyi və qiymətləndirilməsi" mövzusunda təlimi ilə davam edib. Elsevər Məmmədov təlim prosesində mədəni irsin idarə olunmasının əhəmiyyəti, təmsil etdiyi qurumun və eləcə də dünya irsi siyahısında olan bəzi obyektlərin misalında idarəetmə ilə bağlı yanaşmalar və ssenarilər, idarəetmənin planlanması, icrası və monitorinqinə dair vacib bilgiləri iştirakçılarla bölüşüb.

Təlimin yekununda interaktiv metodlar istifadə edilməklə konkret nümunələr üzərindən sual-cavab sessiyası keçirilib.

Tədbir Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya: “Milli-yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunur və iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti