...

Bakı Slavyan Universitetində məzun günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 29 İyun 2022 19:11 (UTC +04:00)
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub (FOTO)

Bakı. Trend:

İyunun 29-da Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Nəsimi rayon Icra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbər şəxsləri, Milli Məclisin deputatları, BSU məzunu olmuş tanınmış ictimai xadimlər, universitetin profesor-müəllim heyəti və bu ilki məzunları iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rektor Anar Nağıyev bu günün BSU ailəsi üçün, xüsusilə də 2022-ci il məzunları üçün əlamətdar bir gün olduğunu deyib. O, BSU-nun zəngin bir tarixə və pedaqoji ənənəyə söykənən universitet olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında BSU-nun yaradılmasını xatırladan rektor BSU-nun Slavyanşünaslığın öyrənilməsi və tədqiqi üzrə respublikada ilk və yeganə universitet olduğunu bildirib.

Müzəffər Ali Baş Komandan, Prezident Ilham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən qazanılan qələbədən söz açan rektor bu günkü məzunların məhz Şuşa ilinin məzunlarının olmasından xüsusi qürur hissi keçirdiklərini deyib.

Rektor yeni yola çıxan məzunların bir çoxunun təhsil müddətində müəyyən uğurlardan keçdiyini vurğulayaraq, dərin dəyərlərə sahib olan BSU-nun hər zaman tələbə və məzunlarını dəstəklədiyini bildirib. 76 illik tarixində Azərbaycan elmi və pedaqogikasına öz adını həkk etmiş professorlara sahib olan universitetin tarixi ənənələrinin davam etdirildiyini deyib.

BSU məzunlarının növbəti mərhələlərdə universitetlə əlaqələrini davam etdirmək üçün onların təşkilatlanmasında, əmək bazarında lazım olacaq bilik və bacarıqları əldə etməsində universitetin öz dəstəyini əsirgəmədiyini bildirib. Bunun üçün bu günlərdə BSU-nun məzunlarının ictimai birliyinin formalaşdırıldığını diqqətə çatdırıb. Rektor hər bir məzuna gedəcəkləri müəssisələrdə BSU dəyərlərini - elmə sadiqlik, peşəkarlıq, dürüstlük kimi dəyərləri uğurla təmsil etməyi arzu edib. Məzunların həm uğurlu vətəndaş, həm də uğurlu kadr kimi ölkəmizin inkişafı naminə öz töhfələrini verəcəklərinə ümidvar olduğunu qeyd edib.

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında BSU-nun tələbələrinin Nəsimi rayoununda təşkil edilən bütün ictimai-siyasi, mədəni tədbirlərdə fəal iştirakından danışıb. O, BSU-nun tələbə və məzunlarının dövlətə sədaqətinə görə seçilən gənclər olduğunu vurğulayıb. Azərbaycan gənclərinin təhsil sahəsindəki uğurlarda xüsusi yer tutduğunu qeyd edib. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti nəticəsində gənclərin bütün sahələrdə fəal olması üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən söz açaraq, qalib xalqın gəncləri olaraq Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. O, bu yolda məzunlara uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov ali təhsil müəssisəsinə qəbulun gənclərin ilk uğuru olduğunu, 4 il əvvəl BSU-ya daxil olmaqla bugünkü məzunların artıq bu uğura imza atdıqlarını deyib. BSU məzunlarının əmək bazarında layiqincə təmsil olunacağını qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar artisti, BSU-nun məzunu olmuş Rafiq Həşimov tarixi bilməyin vacibliyini vurğulayaraq, Azərbaycan tarixində baş verən ictimai-siyasi hadisələrdən söz açıb. Son iki ildə baş verən hadisələr nəticəsində, şanlı Qələbəmizdən sonra həm ölkəmizi, həm də gənclərimizi yalnız inkişaf və tərəqqi gözlədiyini deyib. Məzunlara gələcək faəliyyətlərində peşəkarlıq və dürüstlüyə önəm vermələrinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva dərin ənənələrə və pedaqoji elmi bazaya sahib olan BSU-nun məzunları olmağın qürurverici hiss olduğunu vurğulayıb. Məzunlara öz bilik və bacarıqlarını gələcək əmək fəaliyyətində nümayiş etdirməyi, ideyalarıni həyata keçirməyi arzulayıb.

Azərbaycan Respublikasının Əməkdar artisti Nailə İslamzadə BSU məzunu olaraq universitetlə bağlı xatirələrini bölüşüb, məzunlara uğurlar arzulayıb.

Tədbirdə universiteti fərqlənmə ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin universitetin ictimai həyatında fəallıq nümayiş etdirən məzunlar “Fəxri məzun” diplomu və təşəkkürnamələrlə təltif ediliblər.

Tədbir BSU tələbələrinin və bir sıra incəsənət xadimlərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti