Bakı. Trend:
İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələrindən ibarət ekspert qrupu Azərbaycanda səfərdədir.
Dövlət Məşğulluq Agentliyi və SOCIEUX+ arasında ötən ildən
etibarən əməkdaşlıq etmək məqsədilə aparılan müntəzəm danışıqlar
nəticəsində peşə təhsili müəssisələrinin xəritələşdirilməsi və
təkmilləşdirilməsi məqsədilə texniki yardım əldə edilməsinə dair
razılığa gəlinib. Razılaşmaya əsasən üç mərhələdən ibarət olmaqla
cari ilin iyun, sentyabr və noyabr aylarında İsveç Krallığının
Məşğulluq Xidməti ekspertlərinin Agentliyə səfəri
razılaşdırılıb.
Ölkəmizdə səfərdə olan SOCIEUX+ nümayəndə heyəti ilə Dövlət
Məşğulluq Agentliyində görüş olub. Agentliyin peşə hazırlığı
departamentinin əməkdaşları ilə keçirilən görüşdə qonaqlara qurumun
iş prinsipi, fəaliyyət istiqamətləri, peşə hazırlığı istiqamətində
görülən işlər barədə məlumat verilib.
Qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
SOCIEUX+ Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış və birgə
maliyyələşdirilən texniki əməkdaşlıq mexanizmidir. SOCIEUX+ Avropa
İttifaqına üzv dövlətlər və 155-dən çox tərəfdaş ölkə arasında
bərabərhüquqlu mübadilə və əməkdaşlığı təmin edir.