Bakı. Trend:
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlət proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib.
Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat
səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq
seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına
qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə
digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması
nəzərdə tutulur.
Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas
istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya
texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz dünyanın
"Bilkent University", "Koç University", "Middle East Technical
University", "University of Bonn", "University of Freiburg",
"Stanford University", "New York University", "Texas A&M
University", "George Washington University(DC)", "Imperial College
London", "University of Cambridge", "King’s College London",
"London Business School", "UCL", "University of Warwick",
"University of Strasbourg", "University of Tartu", "Sapienza
University of Rome", "Politecnico di Milano", "University of
Toronto", "McGill University", "University of British Columbia",
"University of Amsterdam", "Korea Advanced Institute of Science and
Technology (KAIST)", "Nanyang Technological University, Singapore",
"Monash University", "University of Sydney", "KU Leuven" kimi
nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, Dövlət Proqramının illik hədəf göstəricisində 400
təqaüdün verilməsini və magistratura səviyyəsi üzrə mövcud kvotada
boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci
il tarixlərində yenidən sənəd qəbulu elan olunur.
Müvafiq elan mətni ilə keçiddən tanış ola
bilərsiniz.