...

Açıq məkan reklamları şəhərin estetik dəyəridir (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2022 11:13 (UTC +04:00)
Açıq məkan reklamları şəhərin estetik dəyəridir (FOTO)

Bakı. Trend:

Reklam sosial əhəmiyyət kəsb edən bir təzahürdür və insanlara, cəmiyyətdə baş verən proseslərə böyük təsir qüvvəsinə malikdir. İnformasiya-kommunikasiya sahəsində spesifik xüsusiyyətlərə və ictimai əhəmiyyətə malik olduğu üçün reklam mühüm təsiredici faktor olaraq varlığımızın həm müsbət, həm də mənfi tərəflərini ifadə edə bilər.

Reklamda estetika əsas dominantadır və istehlakçıya məhsul, onun keyfiyyəti və xidmətlər haqqında məlumat çatdırmaq üçün bir vasitədir. Əksər reklam növləri vizual obrazlarla bağlıdır- firma üslubunun elementləri, qablaşdırma, etiketlər, xarici və daxili nəqliyyat reklamı, poliqrafiya və suvenir məhsulları, poçt açıqcaları, qəzet və jurnallarda olan reklam – bütün bunlar mətn və qrafik tərtibatı tələb edən reklam növləridir. Effektiv reklam dərhal istehlakçının diqqətini cəlb edir. Reklama hamının diqqtəini cəlb etmək üçün ideya lazımdır, lakin sadəcə ideya yox, yaxşı, hətta çox yaxşı ideya. Mətnin yazılmasından və ya bədii tərtibatdan öncə reklamın vizual obrazını yaratmaq lazımdır. Bu proses vizualizasiya və ya konseptualizsiya adlanır, bu reklam tərtibatının ən mühüm mərhələsidir.

Reklamın estetikası müasir mədəniyyət kontekstində reklamın estetik komponentinin əsas prinsiplərini və qanunauyğunluqlarını tədqiq edir, reklamın kütləvi incəsənət forması kimi fəlsəfi-estetik təhlilini aparır. Reklamın estetikasının öyrənilməsinin əsas predmeti kütləvi mədəniyyət kontekstində vizual ifadə vasitələrinin seçimi, reklam kommunikasiyasının estetik parametrlərinin müyyən edilməsi, bədii üslub elementlərindən istifadə, mövcud əmtəə nişanlarının, reklam mesajlarının, estetik təcrübə baxımından korporativ strategiyaların araşdırılmasıdır.

Reklam təkcə marketinq vasitəsi, sosial təzahür deyil, həm də cəmiyyətin mədəni və bədii həyatının tərkib hissəsidir. O, təkcə hansısa bir ideyanı əks etdirmir, həm də estetik dəyər, estetik ifadəlilik ideyasının formalaşmasına təsir göstərir, subyektdə formalaşan estetik idealın xüsusiyyətlərini özündə ehtiva edir.

Estetik tədqiqat kontekstindən reklam çoxlu sayda insanların davranış motivasiyasına təsir edir və məhz insanların davranışına təsir edən məlumatın məzmununu öyrənir. Qeyd etmək lazımdır ki, istehlakçının seçiminə mürəkkəb intellektual-sensor-emosional komplekslərin həlledici təsiri var və bu intellektual-sensor-emosional təcrübə sadəcə reklam məlumatına reaksiya deyil, bu, dərin mədəniyyət təbəqəsidir.

Reklam kommunikasiyası rasional informasiyaya əsaslanmır, bunun səbəbi odur ki, reklamın vəzifəsi sadəcə konkret məhsulu deyil, həm də ticarət markasını, istehsalçını təbliğ etməkdir. Bu obrazlı reklamlar səmimi, pozitiv, uzunmüddətli emosiyalar formalaşdırmalıdır və o vaxt effektiv olur ki, istehlakçının emosianal təcrübəsinə sirayət edir.

Bir çox istedadlı və məşhur rəssamlar reklam üçün çalışıblar: məşhur çex modernisti Alfons Muha pul qazanmaq üçün dəvətnamələr, afişalar, açıqçalar, təqvimlər istehsal etməyə başlamışdır və bu onun uğurunun başlanğıcı olmuşdur; pop-art sənətinin məşhur nümayəndəsi Endi Uorhol öz fəaliyyətinə reklam rəssamı kimi başlamışdır- vitrinlər və afişalar tərtib edir, Vogue və Harper's jurnallarının reklamları ilə məşğul olmuşdur və s. Bu bir daha ona sübütdu ki, reklamın estetikası, reklam fenomeni təkcə ictimai fəaliyyət növü deyil, həm də müasir bədii mədəniyyətin bir fenomenidir, bu da tədricən formalaşmağa və inkişaf etməyə meyllidir. Reklam müasir kütləvi incəsənət kontekstinin bir hissəsidir.

Elçin Əliyev,
Sənətşünaslıq üzrə elmlər doktoru, professor.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti