Bakı. Trend:
18 yaşından sonra şəhidin övladları “şəhid ailəsi” statusundan məhrum edilirlər. Hesab edirəm ki, bununla bağlı məsələ müzakirə edilməli və şəhid övladları ilə bağlı imtiyazlara düzəliş edilməlidir.
Trend-in məlumatına görə, bu təkliflə deputat Müşfiq Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
Deputat xatırladıb ki, Azərbaycanda şəhid övladı olan şəxs 18 yaşına kimi, təhsillə bağlı məsələdə isə 23 yaşına kimi dövlətin himayəsində olur.
“Gəncədən olan şəhid övladları bizə müraciət edərək bildirirlər ki, 18 yaşdan sonra imtiyazlar ləğv edildiyindən iş tapmaqda da çətinlik çəkirik. Amma nəzərə almaq lazımdır ki, mentalitetimizə uyğun olaraq ölkədə valideynlər bütün ömrüboyu övladlarına dəstək olurlar. Şəhid övladları həmçinin bildirir ki, şəhidin varisi sayılan həyat yoldaşı vəfat etdikdən sonra ev növbəsinə dayanmaq da ləğv edilir. Hesab edirəm ki, imtiyazlara yenidən baxılması dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının gücləndirilməsinə öz töhfəsini vermiş olar”, - deyə deputat bildirib.