Bakı. Trend:
Noyabrın 10-dan etibarən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılacaq.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, proses 14 noyabr tarixinədək davam edəcək.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər.
Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.