Bakı. Trend:
Elm və təhsil naziri Emin Əmrullayev səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, bu barədə bu gün elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə danışıb.
Nazir bildirib ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib.
“Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq. Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, bu, birbaşa onunla bağlı olmayıb. Bu baxımdan, biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət Nazirliyin qərarını anlayışla qarşılayacaq", - deyə nazir qeyd edib.