...

AHİK-də Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2022 18:14 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənmizin müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolundan, ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, milli ruhlu fəaliyyətindən söz açıb.

Bildirib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqı respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır.

C.Alxasov qeyd edib ki, Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir: “1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır”.

Onun sözlərinə görə, Ulu Öndərin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir: “Məhz cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan regionda lider, dünyada sayılıb-seçilən ölkələrdəndir. Ermənistan işğalı altında olan torpaqlarımızı “dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə azad edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bununla ikiəsrlik münaqişəyə, 30 illik müharibəyə, yüzminlərlə keçmiş məcburi köçkünün yurd həsrətinə son qoydu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Ulu Öndərin irsini ləyaqətlə yaşadır və təbliğ edir”.

AHİK sədrinin müavini əlavə edib ki, Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla bundan sonra da daha böyük qələbələrə doğru inamla addımlayacaq.

Digər çıxış edənlər Ulu Öndərin dövlət quruculuğu yolunda gördüyü işlərdən, keçirdiyi ardıcıl sosial-iqtisadi islahatlardan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçilyimizin inkişaf naminə atdığı addımlardan bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti