...

Sabirabaddan Türkiyəyə yardım göndərilib (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2023 23:01 (UTC +04:00)
Sabirabaddan Türkiyəyə yardım göndərilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyası davam edir.

Trend xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, yardım kampaniyasında vətəndaşlar böyük fəallıq göstərirlər.

Qardaş ölkəyə göndərilməsi üçün Sabirabad Rayon İcra Hakimiyyətinin xətti ilə humanitar yardım fevralın 9-da paytaxt Bakıya gətirilib. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Mirzəliyev Trend-ə müsahibəsində deyib: “Qardaş ölkə Türkiyə Respublikasında baş vermiş təbii fəlakətlə bağlı Sabirabaddan Bakıya yük avtomobili ilə yardım gətirmişik. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Biz bu çətin gündə türkiyəli qardaşlarımızın yanında olmağı və onlara dəstək olmağı özümüzə borc bildik. Sabirabaddan türkiyəli qardaşlarımız üçün zəruri geyim, ərzaq və qida məhsulları gətirmişik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Bu humanitar yardımlar bundan sonra da davam edəcək. Başın sağ olsun, Türkiyə”.

Qeyd edək ki, paytaxtımızda zəlzələdən zərərçəkənlərə yardımlar əsasən iki ünvanda toplanır. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi yardım kampaniyası Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan yardım kampaniyası isə Əl Oyunları Sarayında keçirilir.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.

Heydər Əliyev adına İdman Kompleksində yüzlərlə şəxs könüllü kimi fəaliyyət göstərir.

Toplanan əşyalar arasında əsasən qış paltarları, o cümlədən əlcək, gödəkcələr, şalvar, şərf, qalın yun corablar, həmçinin yataq dəstləri, təmizlik ləvazimatları, ərzaq, su, xalça, fənər, generatorlar və odun sobaları üstünlük təşkil edir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə ard-arda iki güclü zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 17 min 134-ə, yaralananların sayı isə 70 min 347-yə çatıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələ xəbərindən dərhal sonra - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti fəaliyyət göstərir. Faciədən zərər çəkmiş şəxslər üçün fevralın 8-də Heydər Əliyev Fondu tərəfindən daha 36 ton humanitar yardım göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti