Bakı. Trend:
Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır və dövlət siyasətinin prositet istiqamətlərindən biridir. Vətəndaşların sosial rifahının təmin edilməsi hər zaman cənab Prezident İlham Əliyevin siyastətinin mərkəzinə dayanır. Uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsi sosial yönümlüdür. Qlobal böhranlara, pandemiya və digər hadisələrə baxmayaraq Azərbaycanda heç bir sosial layihə təxirə salınmır, əksinə əhalinin bu hadisələrin təsirindən qorumaq üçün əlavə sosial paketlər həyata keçirilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 2023-cü ildə də ölkəmizdə sosial islahatlar uğurlu şəkildə davam etdirilir və dördüncü sosial islahat paketi reallaşdırılır.
“Məlumdur ki, bu gün qlobal böhran və infilyasiya dünya dövlətlərini çətin çağırışlarla qarşı-qarşıya qoyub, lakin belə bir çətin vəziyyətdə Azərbaycan öz vətəndaşlarını bu böhran və infilyasiyanın təsirlərindən qorumaq üçün sosial layihələri genişləndirir. Dövlət hər zaman vətəndaşlarını düşünür və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Ötən illərdə olduğu kimi bu il də sosial islahatlarla yadda qalacaq”, - deyə deputat bildirib.
O qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial islahatların prioritet istiqamətlərindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.
“Cənab Prezident İlham Əliyev hər zaman pensiyaçılarımızın sosial rifahının gücləndirilməsini diqqət mərkəzində saxlayır. Son illər ərzində minimum pensiyalarım məbləği bir neçə dəfə artırılıb. Belə ki, son 5 ildə aparılan sosial islahatlar nəticəsində minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Bununla yanaşı 2022-ci ilin əvvəlindən pensiyaçılara rüblər üzrə bölünüb verilməklə 200 manat maddi yardımlar verilməyə başlanılıb, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə isə pensiyalarının 10 faizi qədər aylıq maddi yardım tətbiq edilib. 2023-cü ilin əvvəlindən isə həmin maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb.
Eyni zamanda ölkəmizdə pensiyaların indeksasiyası həyata keçirilib. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar 14,7 faiz indeksləşdirilməklə yanvarın 1-dən artırılıb və yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi nəzərdə tutulub.
Göründüyü kimi, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və bu, ictimaiyyət tərəfindən çox yüksək qarşılanır”, - deyə deputat əlavə edib.