Bakı. Trend:
Fevralın 24-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Xocalı soyqırımı gününə həsr edilmiş “Xocalı - tarixin qanlı yaddaşı” adlı tədbir keçirilib.
Agentlikdən Trend-ə bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Qardaş Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə əvvəlcə Respublika Elmi-Texniki Kitabxanasının informasiya resursları üzrə direktor müavini Ləman Xələfova Xocalı soyqırımının insanlığa qarşı hərbi cinayət olmasından, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilməsidən danışıb.
RETK-nın əməkdaşları tarixdə analoqu olmayan faciənin dəhşətlərindən, erməni quldurları tərəfindən dinc azərbaycanlı əhaliyə amansız divan tutulmasından, Xocalı şəhərinin yerlə-yeksan edilməsindən söz açıblar. Xocalı soyqırımının dünyaya çatdırılması və Zəfərə aparan çətin yol haqqında çıxışlar dinlənilib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımın bütün dünyada tanınmasında mühüm rol oynayır.
RETK-nın patent və müəllif hüquqları resursları üzrə direktor müavini Mübariz Məmmədli Böyük Britaniya vətəndaşı, tərcüməçi, jurnalist, prodüser İen Pertin ssenarisi əsasında lentə alınmış, Xocalı soyqırımı dəhşətlərindən bəhs edən “Nəhayətsiz dəhliz” sənədli filminin ərsəyə gəlməsindən danışıb.
Tədbir boyu “Xocalı - tarixin qanlı yaddaşı” adlı videomaterial nümayiş etdirilib.