...

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2023 15:47 (UTC +04:00)
Bakı metrosunda retro vaqonlar nümayiş etdirilib (FOTO)

Bakı. Trend:

Bakı metropoliteninin “İçərişəhər” stansiyasında Novruz şənliklərinin ikinci günü retro vaqonların nümayişi ilə açılıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-ya istinadən xəbər verir.

Qeyd edək ki, bu sərginin unikallığı nümayiş etdirilən qatar tərkibinə daxil olan vaqonlardan birinin keçmiş SSRİ-nin “A” tipli ilk metro vaqonu olmasıdır. 1934-cü ilin sonunda istehsal olunmuş vaqon həmin dövrə xas görkəmi ilə seçilir. 1935-ci ildə Moskva metropoliteni açılarkən, Sovet dövlətinin rəhbərlərinin iştirakı ilə hərəkətə gələn ilk sərnişin qatarının tərkib hissəsi olması da vaqonun daha bir özəlliyidir. 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonu da Bakıda sərnişin daşımayıb. Bu iki vaqon 1960-cı illərin sonunda yolların diaqnostikasını aparmaq üçün Bakı metropoliteninə ayrılıb. 2015-ci ildə unikal layihə əsasında diaqnostika kompleksi istifadəyə verildikdən sonra bu vaqonlar xüsusi günlərdə nümayiş olunan muzey eksponatına çevrilib.

Stansiyada nümayiş olunan “E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bakıda metro açılanda “E” tipli 47 ədəd vaqon çatdırılıb. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.

Vaqonlar mart ayının 22-si axşam saatlarına qədər nümayiş olunacaq.

Gün ərzində 4 stansiyada (“İçərişəhər”, “Sahil”,“28 May” və “Elmlər Akademiyası”) Azərbaycan və dünya musiqisindən nümunələr əsasında hər biri 45 dəqiqə olmaqla konsert proqramları təşkil edilib.

Bu tədbir zamanı tanınmış şən və hazırcavab, Əməkdar artist Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitabları öz imzası ilə azyaşlı sərnişinlərə təqdim edib.

Günün əsas proqramı Bahar qızının müşayiəti ilə Keçəl və Kosanın səhnəcikləri olub. Onlar, eləcə də sirk ustaları və sehrbaz azyaşlı sərnişinlərlə əyləncəli vaxt keçiriblər. Uşaqlara müxtəlif fiqurlu şarlar hədiyyə edilib, nəhəng oyuncaqlar onların ovqatını daha da yüksəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti