Bakı. Trend:
1883-cü il 20 mart tarixində Paris şəhərində Sənaye mülkiyyətinin mühafizəsi haqqında Konvensiya imzalanıb. Paris Konvensiyası ixtiraların, sənaye nümunələrinin, faydalı modellərin, əmtəə nişanlarının və digər əqli mülkiyyət obyektlərinin qorunmasının əsas prinsiplərini müəyyən edən ilk çoxtərəfli beynəlxalq müqavilədir.
Əqli Mülkiyyət Agentliyindən Trend-ə bildirilib ki, hazırda 179 dövlət Paris Konvensiyasının iştirakçısıdır. Azərbaycan Respublikası 1995-ci ildə bu konvensiyaya qoşulub.
Paris Konvensiyası ilk dəfə olaraq əqli mülkiyyət sahəsinin əsas anlayışlarını, əqli mülkiyyətin hüquqi qorunmasının milli sistemlərinin fəaliyyət prinsiplərini və onların qarşılıqlı əlaqəsini, müəlliflərin, ixtiraçıların və patent sahiblərinin hüquqlarını formalaşdırmışdır.