...

Bu kolbasa və sosiska məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Cəmiyyət Materials 15 Aprel 2023 12:25 (UTC +04:00)
Bu kolbasa və sosiska məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib və bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilir.

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, nəzarət tədbirləri zamanı, həmçinin “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin ("Sevilən Ad" MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, həmin müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcək.

Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti