...

“Hərbi Lisey Günü” təntənə ilə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2023 11:51 (UTC +04:00)
“Hərbi Lisey Günü” təntənə ilə qeyd edilib (FOTO)

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyev 20 il öncə, 2003-cü il aprelin 19-da əsasını qoyduğu indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi sonuncu dəfə ziyarət edib, məktəbin yetirmələri olan general, admiral, zabitlərlə, eləcə də burada xidmət edən müəllim, zabit heyəti və kursantlarla görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin gün Ulu Öndər hərbi liseyə Döyüş Bayrağı təqdim edərək bir daha əmin olduğunu bildirib ki, məktəbdə milli peşəkar zabit kadrlarının yetişdirilməsi üçün bundan sonra da səylər göstəriləcək və bu təhsil ocağından pərvazlanan oğullar gələcəkdə respublikamızın suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda əsl qəhrəmanlıq nümunələri nümayiş etdirəcəklər.

Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu tədris ocağını Ulu Öndərin sonuncu dəfə ziyarət etdiyi 19 aprel günü müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə hər il “Hərbi Lisey günü” kimi təntənə ilə qeyd edilir.
Müdafiə Nazirliyinin rəsmiləri, hərbi liseyin rəhbərliyi, məktəbin yetirmələri olan general və zabitlər təntənəli mərasim başlamazdan öncə Heydər Əliyev muzeyini ziyarət edərək Ulu Öndərin abidəsi önünə qızılgül çələngi qoyub, əbədiyaşar Ali Baş Komandanın mənalı ömür yolu və fəaliyyətini əks etdirən geniş ekspozisiya ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar.

Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin abidə-kompleksi qarşısına çələng qoyularaq xatirəsi ehtiramla yad edildikdən sonra “Hərbi Lisey günü”nə həsr olunmuş təntənəli mərasim başlanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin rəmzi olan Zəfər bayrağı fəxri qarovulun müşayiəti ilə təntənəyə gətirilib.

Ulu Öndər Heydər Əliyevin və şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Tədbiri idarə edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 20 il öncə burada Ulu Öndərlə görüşlərini xatırlayıb, hərbi liseyin 30 illik fəaliyyətinə həsr etdiyi “Mənim Hərbi Liseyim” adlı kitabını dahi liderə təqdim etdiyi anları, onunla unudulmaz söhbətlərini yada salıb.

Hərbi liseyin rəisi polkovnik Rəşad İbrahimov qonaqları və şəxsi heyəti salamlayaraq onları “Hərbi Lisey günü” münasibətilə təbrik edib.

Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, hərbi liseyin məzunu, “Zəfər” ordenli general-mayor Anar Kərimov müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi liseyin zabit və müəllim heyətinə, kursantlarına ünvanladığı təbriki oxuyub.
Nəzərə çatdırılıb ki, Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 52 il öncə, 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır.

Hərbi liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan hərbi əməliyyatlarda həmişə ön cəbhədə yer almışlar. Onlardan 19 nəfər böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı”, 11 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, yüzlərlə hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olunmuşdur.

Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə və vicdanla yerinə yetirirlər. Hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və bu tədris ocağının Naxçıvan filialının əsasında yaradılan, Ulu Öndərin adının ilk əbədiləşdirildiyi Heydər Əliyev adına Hərbi Liseyin məzunlarıdılar.

Qeyd edilib ki, keçmiş Sovetlər İttifaqı tərkibində olduğumuz bir zamanda, totalitar rejimin, kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə nəinki analoqu olmayan belə bir məktəbi yaratmaq, hətta təşəbbüs göstərmək belə böyük cəsarət tələb edirdi. Bu, Moskvanın, Kremlin tələblərinə tamamilə zidd olan bir təşəbbüs idi. O vaxtdan 30 il keçdikdən sonra Heydər Əliyev deyəcəkdir ki, “Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxtlar Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu olsun, zabitləri olsun. Onlar özlərinə layiqli yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Bu, Azərbaycanın gələcəyi üçün lazım idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaqdır”.

Diqqətə çatdırılıb ki, uzaqgörən dahi liderimiz bu işləri başlayanda o, nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi.

Hərbi liseyin ilk məzunlarından ehtiyatda olan polkovnik Rüfət Əmirovun, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun, Milli Müdafiə Universitetinin professoru polkovnik Nurulla Əliyevin, Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilovun, şəhid leytenant Elvin Şükürlünün atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Azad Şükürovun və başqalarının xatirələri böyük maraqla dinlənilib.

Müdafiə nazirinin əmri ilə bir qrup hərbi qulluqçu, müəllim və kursant qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı kollektivinin və “Səma” rəqs ansamblının iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.

Ənənəvi “Hərbi Lisey günü” “Naxçıvanskilər marşı”nın bütün iştirakçılar tərəfindən ifası ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti