...

Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 28 Aprel 2023 11:13 (UTC +04:00)
Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

Zərifə xanım Əliyevanın fərdi və ictimai portreti olduqca rəngarəngdir. Mənalı və nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər ləyaqətli ziyalı və dəyərli elm xadimi, istər vəfalı ömür-gün yoldaşı, istərsə də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Ona görə də iftixarla qeyd edirik ki, Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbirdə deyib.

O bildirib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olmuşdur.

“O, həm peşəkar oftalmoloq kimi insanlara nur və şəfa bəxş etmiş, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynamış, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib.

Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti və müstəsna xidmətləri ilə fərqlənmişdir. Bir çox ilklərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və elm sahəsində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalıb”, - deyə T.Budaqov bildirib.

O qeyd edib ki, Zərifə xanım Əliyevanin fəaliyyəti, xüsusilə də çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətləri daim yüksək qiymətləndirilmişdir.
“O, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə bir çox mükafatlarla təltif olunmuşdur. Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən yüksək mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alimdir. 150-dən artıq elmi əsərin müəllifi olan akademik SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi səmərəli fəaliyyət göstərmiş, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bütün bunlar görkəmli alimin ictimai fəaliyyətinin də ölkəmiz üçün nə qədər faydalı və önəmli olduğunu göstərir.

Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi nəsillərə nümunə yaratması da Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.

Azərbaycan qadınlarına məxsus ləyaqətli və şərəfli ömür yaşamış Zərifə xanım xalqımızın ümummilli lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətən naminə dəyərli və faydalı işlərə imza atması hər bir valideynin ülvi arzusudur. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən cənab İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıraraq, ölkəmizi tərəqqi və Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətənə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirmişdir. Bu səbəbdən Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhu şaddır.

Bir çox mükafatlara və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini - əbədi məhəbbətini qazanmış, xatirələrdə silinməz izlər buraxmışdır. Heç şübhəsiz, bu, onun ən böyük və qiymətli mükafatıdır.

Sonda çıxışımı Prezident İlham Əliyevin Zərifə xanımın həyat və fəaliyyətinə işıq salan dəyərli fikirləri ilə tamamlamaq istəyirəm: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti