Bakı. Trend:
Ali məktəbi qırmızı diplomla bitirənlərin səlahiyyət və hüquqlarının genişləndirilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqey yanaşılır. “Mütləq onlara hansısa üstünlük verilməlidir. Məsələn, universiteti bitirib, dərin təhsil alıb, hər şey qaydasındadır, lakin mürəkkəbi qurumamış diplomu ilə yenidən harasa işə düzəlmək üçün imtahan verir. Bax, bu məsələ nəzərə alınmalıdır. Elm və Təhsil Nazirliyinə müraciət edəndə qanuna istinad edilir. Təklif edirəm ki, dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunların səlahiyyət və hüququnu genişləndirilməsini daxil edək. Bu bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib”, - deyə o əlavə edib.