Bakı. Trend:
"Chrome" brauzeri üçün uzantıların (extensions) olduqları "Chrome Web Store" mağazasında 34 yeni zərərli əlavə aşkar edilib. Onlar ümumilikdə 67 milyon dəfə yüklənilib. Kaspersky şirkəti zərərli əlavələrin siyahısını tərtib edib və onların istifadəçilərə necə təsir göstərdiklərini açıqlayıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.
Məlumatda qeyd edilib ki, sənədlərin konvertasiyası üçün nəzərdə tutulmuş PDF Toolbox adlı uzantıda təhlükəli kod aşkar edilib. Həmin kod vasitəsilə əlavə istifadəçi tərəfindən açılmış istənilən veb səhifəyə ixtiyari kodun yerləşdirilməsi üçün erasearchtop.com saytına müraciət olunur. Məsələn sözügedən uzantı veb səhifələrdəki reklam elanlarını dəyişə bilir. Daha sonra eyni funksionallığa sahib 34 yeni zərərli əlavə aşkar edilib. Həmin uzantılar aşağıdakı əməliyyatları yerinə yetirə bilərlər:
- İstifadəçinin hər hansısa veb səhifədə bu və ya digər əməliyyatı barəsində məlumatların hackerlərə ötürülməsi;
- Daxil olunan veb saytlar barəsində məlumatların yığılması;
- İstifadəçi hesabları, bank kartları və rekvizitləri barədə məlumatların ötürülməsi;
- Google-da linklərin dəyişdirilməsi;
- Bütün saytlarda reklamların və ya ana səhifələrin təkmilləşdirilməsi;
Dələduzların bu cür imkanlardan istifadə edib-etmədikləri məlum deyil. Lakin aşağıda qeyd edilmiş uzantıların "Chrome"dan silinmələri məsləhət görülür.
Adblock Dragon, Alfablocker ad blocker, Amazing Dark Mode, Autoskip for Youtube, Volume Frenzy, Awesome Auto Refresh, Base Image Downloader, Brisk VPN, Clickish fun cursors, Clipboard Helper, Craft Cursors, Crystal Ad block, Cursor-A custom cursor, Zoom Plus, Easy Undo Closed Tabs, Easyview Reader view, Epsilon Ad blocker, Font Customizer, HyperVolume, Image download center, Leap Video Downloader, Light picture-in-picture, Maxi Refresher, Maximum Color Changer for Youtube, OneCleaner, PDF toolbox, Qspeed Video Speed Controller, Quick Translation, Readl Reader mode, Repeat button, Screence screen recorder, Soundboost, Tap Image Downloader, Venus Adblock.