...

ADPU-da Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2023 13:01 (UTC +04:00)
ADPU-da Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Avqustun 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xalq şairi, bütun Türk dünyasının sevilən sənətkarı Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Konfrans AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şəki və Quba filialları və Bəxtiyar Vahabzadənin ev muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, dünyanın müxtəlif ölkələrindən, eləcə də Türkiyə Respublikasından alim və ziyalılar iştirak ediblər. ADPU-nun Şəki filialının akt zalında keçirilən açıliş mərasimini filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqedən, xalqımızın azadlığı və müstəqilliyi, dilimizin inkişafi uğrunda apardığı mübarizədən bəhs edib.

Konfransda ADPU-nun Şəki filialının direktoru dosent Rafiq Rasulov, AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri professor Ramazan Qafarlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və başqaları çıxış ediblər. Çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.

Qeyd olunub ki, artıq hər il avqustun 16-da - ölməz söz ustadı Bəxtiyar Vahabzadənin anadan olduğu gündə, Şəkidə beynəlxalq konfrans təşkil olunaraq onun əziz xatirəsi ehtiramla yad edilir. Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi bənzəri olmayan söz ustadı, filosof-alim, dramaturq, publisist və azadlıq fədaisi kimi həmişə sevilib. Şəki ziyalıları beynəlxalq konfransın məhz bu şəhərdə keçirilməsini böyük şairin xatirəsinə olan dərin hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirirlər. Bildirilib ki, unudulmaz şairin doğum günü həm də böyük ədəbiyyat bayramıdır. Bəxtiyar Vahabzadənin yaratdığı söz inciləri bütün coğrafi sərhədləri aşaraq onu dünyada tanıdıb və bütün Türk dünyasının sevilən şairinə çevirib. Bəxtiyar Vahabzadə xalqının yaddaşında təkcə əvəzsiz bədii yaradıcılığa malik bir şair kimi deyil, eyni zamanda, xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi naminə dönmədən mübarizə aparan bir fədai kimi qalıb. Onun Azərbaycan dilinin qorunması və inkişafı naminə gördüyü işlər, bu mövzuda yazdığı şeirlər, Azərbaycanın müstəqilliyi mövzusuna həsr olunan əsərləri, vətənpərvərlik mövzusunda yazıları gənc nəslin milli-mənəvi dəyərlərimizə sayğılı ruhda böyüməsində müstəsna rola malikdir.

Plenar iclas başa çatdıqdan sonra beynəlxalq konfrans bölmə iclaslarında öz işini davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti