Bakı. Trend:
Bu gün Day.Az informasiya portalının yaradılmasının 20 ili tamam olur.
Day.Az Azərbaycanın internet məkanında həm ziyarət olunma sayına görə, həm də oxuculara təklif olunan imkanların sayına görə liderlərdən biri olaraq qalır. Son illər ərzində Day.Az saytı son dünya tendensiyalarına uyğun olaraq texnoloji baxımdan yenilənib. Saytın bazasında çoxfunksiyalı portal yaradılıb ki, bu indiyədək Azərbaycanda yeganə bu cür baza olaraq qalır.
Day.Az özündə informasiya platformasını, @day.az ünvanında şəxsi poçt servisini, "NewsTube" videohostinqini, Azərbaycanın bütün bölgələri üzrə ən təfərrüatlı hava proqnozunun verildiyi weather.day.az platformasını, Heydər Əliyev Beynəlxalq Aeroportunun aviareyslərinin onlayn cədvəlinin əks olunduğu avia.day.az xidmətini, ölkənin bütün banklarında valyuta məzənnəsini göstərən azn.day.az xidmətini və bir çox digər funksiyaları ehtiva edir.
İstifadəçilər üçün yaradılmış bütün bu funksiya və imkanlar Day.Az portalının Azərbaycanda ən çox ziyarət edilən saytlardan biri olaraq qalmasına imkan verir.
Day.Az portalının sosial şəbəkələrdə populyarlığı yüksək sürətlə artmaqdadır. Day.Az-ın "Facebook" səhifəsində 208 mindən çox real istifadəçinin, "NewsTube" videportalında isə təqribən 620 min unikal istifadəçinin olduğunu demək kifayətdir. Bundan başqa, portal "X" və "Telegram" platformalarında da auditoriyasını fəal şəkildə genişləndirir.
Trend Beynəlxalq İnformasiya Agentliyinin kollektivi öz həmkarlarını bu əlamətdar tarix münasibətilə təbrik edir, onlara yeni yaradıcı uğur və müvəffəqiyyətlər arzu edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)