...

Bu QHT-lər 2 ilədək qrant müsabiqələrində iştirak hüququndan məhrum ediləcək

Cəmiyyət Materials 15 Sentyabr 2023 12:56 (UTC +04:00)
Bu QHT-lər 2 ilədək qrant müsabiqələrində iştirak hüququndan məhrum ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası təsdiq edilib.

Trend xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, layihələrin monitorinqinin və qiymətləndirilməsinin məqsədi şəffaflığın, obyektivliyin, hesabatlılığın təmin olunması, layihələrin icra, nəzarət, nəticə mərhələlərinin Agentliklə bağlanılmış müqavilənin şərtlərinə və tələblərinə uyğun yerinə yetirilməsi, müqavilə öhdəliklərinin pozulması və digər sui-istifadə hallarının aşkarlanması zamanı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) müraciət edilməsidir.

Layihələrin əlaqələndirilməsi və icrasına nəzarəti çərçivəsində aparılan monitorinq və qiymətləndirilmə aşağıdakıları özündə ehtiva edir:

- monitorinqin aparılmasının forma və üsullarının müəyyən edilməsi;

- monitorinq aparılacaq layihənin məzmununa uyğun normativ hüquqi aktların, elmi, texniki imkanların nəzərə alınması və müvafiq meyarların müəyyən edilməsi;

- layihənin icra planına uyğunluğunun müəyyən edilməsi;

- layihənin icrası zamanı sənədləşmə işlərinin hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi;

- layihənin icrası zamanı yol verilmiş nöqsanların və yaranmış problemlərin aşkarlanması;

- monitorinqin nəticələrinə dair hesabatın tərtibi, hesabat əsasında qiymətləndirilmənin aparılması və qiymətləndirilmənin nəticələrinə dair yekun rəyin hazırlanması.

Agentlik maliyyələşdirdiyi layihələrlə bağlı layihələrin icra planına uyğun monitorinq aparmaq hüququna malikdir.

Agentliyin maliyyələşdirdiyi layihələrin monitorinqi müşahidələrin aparılması, monitorinq anketi, müsahibə, sorğu və digər üsullarla aparılır. Layihələrin icrası və nəticələri ilə bağlı monitorinqlərə müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri, müqavilə əsasında müstəqil ekspertlər və mütəxəssislər cəlb oluna bilər.

QHT tərəfindən icra olunan layihə üzərində müşahidələrin aparılması dedikdə Agentliyin bu Qaydaya əsasən QHT-nin təqdim etdiyi məlumatları (hesabatları) qəbul etməsi, öyrənməsi, müqayisə etməsi və həyata keçirilən tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.

QHT Agentliyin maliyyələşdirdiyi layihələr çərçivəsində keçirdiyi tədbirlərdə Agentliyin iştirakı üçün lazımi şərait yaratmalıdır.

Monitorinqlər layihənin icra olunduğu ərazidə, yaxud QHT-də və Agentlikdə aparıla bilər. QHT tərəfindən Agentliyin maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən tədbirin vaxtı və yeri Agentliyə əvvəlcədən (azı 7 (yeddi) iş günü əvvəl) yazılı, o cümlədən elektron formada bildirilir. Agentlik təşkil olunacaq monitorinqin aparılmasından 3 (üç) iş günü əvvəl QHT-ni məlumatlandırır.

Agentlik maliyyələşdirdiyi layihələr çərçivəsində keçirilən tədbirlərdə iştirak etmədən monitorinq apardıqda, QHT-dən bu Qaydaya əsasən təqdim edilməli olan sənəd və məlumatları tələb edə bilər. Təqdim olunmuş sənəd və məlumatlar əsasında müqayisələr, təhlillər, ümumiləşdirmələr aparılır, əldə olunan nəticələr monitorinq hesabatına daxil edilir. QHT monitorinq zamanı müvafiq layihə fəaliyyətinin icrası ilə bağlı sənədləri tələb olunan müddətdə Agentliyə təqdim etməlidir.

Layihənin icra və nəticələri ilə bağlı aparılan monitorinqdən sonra 10 (on) iş günü müddətində əldə edilmiş yekun nəticə haqqında Agentlik tərəfindən tərtib olunmuş formaya uyğun olaraq monitorinq hesabatı hazırlanır.

Monitorinq hesabatının strukturu aşağıdakılardan ibarətdir:

- layihə haqqında ümumi məlumat;

- icra planı üzrə nəzərdə tutulan tədbirlər və fəaliyyətlər;

- icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin həyata keçirilməsi vəziyyəti, müvafiq təsdiqləyici sənədlər;

- icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin layihənin xərclər smetasına uyğunluğu, müvafiq təsdiqedici sənədlər;

- layihə çərçivəsində əldə olunan nəticələr.

Monitorinq hesabatına uyğun olaraq layihənin icrasında nöqsanlar və çatışmazlıqlar aşkar olunduqda, Agentlik tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülür.

Monitorinqin nəticəsinin rəsmiləşdirilməsi üçün iki nüsxədə akt tərtib olunur.

Layihənin icrasına nəzarət çərçivəsində QHT-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət etmədiyi aşkar olunduqda, Agentlik tərəfindən QHT-yə xəbərdarlıq edilir, xəbərdarlığa məhəl qoyulmadıqda isə Agentlik müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edir.

QHT Agentliyin maliyyələşdirdiyi layihənin nəticələrinə dair icra planı üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin keyfiyyət və kəmiyyət göstəricilərini əks etdirən, ölçülə bilən nəticələrin məcmusundan ibarət yekun hesabatları təsdiqləyici sənədlərlə birlikdə Agentliyə təqdim edir.

Agentlik daxil olan yekun hesabatlara 10 (on) iş günü müddətində baxır. Agentlik hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı məlumat əldə etmək hüququna malikdir.

QHT-nin təqdim etdiyi yekun hesabatlarda layihənin icra planı və xərclər smetası ilə uyğunsuzluq və ya çatışmazlıq aşkar edildikdə, Agentliyin əsaslandırılmış qərarına müvafiq olaraq layihə nin maliyyələşdirilməsi dayandırılır və bu Qaydada nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Layihə üzrə ayrılan vəsait tam xərclənmədikdə, qalıq məbləğ “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilir.

QHT-nin təqdim etdiyi yekun hesabatlarda layihənin icra planı və xərclər smetası ilə uyğunsuzluq və ya çatışmazlıq aşkar edildikdə, QHT 2 (iki) ilədək müddətə Agentliyin elan etdiyi qrant müsabiqələrində iştirak hüququndan məhrum edilir.

Agentlik QHT tərəfindən layihələrin icrası zamanı özünün səlahiyyətlərinə aid olmayan müqavilə öhdəliklərinin pozulması hallarını aşkar etdikdə, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş tədbirləri həyata keçirir.

Agentlik qiymətləndirməni maliyyələşdirdiyi layihənin onun məqsəd və vəzifələrinə uyğun təşkilini, səmərəliliyinin ölçülməsini və nəticələrinin müəyyən edilməsini özündə ehtiva edən və Agentlik tərəfindən təsdiq olunmuş müvafiq plan əsasında aparır. Qiymətləndirmə Agentlik tərəfindən təsdiq olunmuş ölçüləbilən indikatorların (kəmiyyət və keyfiyyət göstəricilərinin) və meyarların təsbit olunduğu qiymətləndirmə anketi vasitəsilə aparılır.

Agentlik tərəfindən qiymətləndirmənin aparılması zamanı şəffaflıq, səmərəlilik, hesabatlılıq, obyektivlik və qərəzsizlik prinsipləri rəhbər tutulur.

Agentlik qiymətləndirmə prosesində maliyyələşdirdiyi layihənin heyət və iştirakçılarına layihənin icra vəziyyətinin öyrənilməsi məqsədilə sorğu göndərə bilər.

Agentlik qiymətləndirmənin nəticələrini təhlil edir, QHT nümayəndələri üçün tövsiyələr hazırlayır, məsləhətlər verir, təlimlər, seminarlar və digər bu kimi tədbirlər təşkil edir.

Qiymətləndirmənin nəticələrinə əsasən icra olunan layihələrlə bağlı məlumat 10 (on) iş günü müddətində QHT-yə göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti