Bakı. Trend:
AQTİ laboratoriyalarındakı analizlər beynəlxalq səviyyədə və sanitar-gigiyenik tələblər gözlənilməklə həyata keçirilir.
Trend xəbər verir ki, bunu Roma Kodeks Katibliyinin səlahiyyətli şəxsi Hilde Kruse Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.
O bildirib ki, AQTİ-də qurulan laboratoriya sistemi qonşu ölkələrə də nümunə ola bilər:
“İlk dəfədir ki, Bakıya səfər edirəm. Burada olan laboratoriya sistemindən olduqca təsirləndim. Görünür ki, siz bu 5 il ərzində nəhəng işlər görmüsüz. Laboratoriya sistemi çox peşəkar qurulub. Və mən bura ilə tanış olduqca gördüm ki, bütün analizlər sanitar-gigiyenik tələblər gözlənilməklə yüksək səviyyədə həyata keçirilir. Siz bu analizləri beynəlxalq səviyyədə, Kodeksə uyğun edirsiz və qonşu ölkələr sizdən nümunə götürə bilər. Bunun üçün də sizi təbrik edirəm"
Laboratoriyalara baxış zamanı H. Kruse Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin analizlərinin aparılması prosesini izləyib.
Qeyd olunub ki, bu laboratoriyada qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji aktiv qida məhsullarının, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçirilir.