Bakı. Trend:
Ən çox iş humanitar fənlərə aid dərsliklər - ədəbiyyat, dil, tarix üzərində aparılır.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, dəqiq fənlərin dərsliklərində mübahisəli məqamlar rəqəmlərlə bağlı olur.
“Lakin tarix fənnində, adətən, hadisələrin tarixi, gedişatı ilə bağlı məqamlar çox suallar doğurur. Bununla bağlı Elm və Təhsil Nazirliyi tarix dərsliklərinin konsepsiyası ilə bağlı Tarix İnstitutuna müraciət ünvanlayıb. Biz məktəbdə tarixçi hazırlamırıq. Arxaya baxıb gələcəyi proqnozlaşdırmağı bacaran vətəndaş hazırlayırıq. Biz daha çox tarix kimi spesifik və siyasi çəkisi olan fənni uşaqların konseptini başa düşəcək səviyyədə çatdırmağa çalışmalıyıq", - o vurğulayıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.